Gürcüstandakı kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı
Bugün
42
Maraqlı
A
Gürcüstandakı kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı

Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləyici Komissiyası (SEMEK) bu gün keçirilən iclasında iyulun 24-ü sistemdə baş vermiş və nəticədə ölkə miqyasında elektrik enerjisinin kütləvi şəkildə söndüyü qəzanın səbəblərinə dair ilkin nəticələri təqdim edib.

Aktual.ge xəbər verir ki, SEMEK-in iclasından bu məsələnin öyrənilməsinin ilkin nəticələri haqqında məlumatı İctimai Yayımcı yayımlayıb.

Məlumata görə, Gürcüstanın enerji sistemi Azərbaycanın enerji sistemindən təcrid olunmuş vəziyyətdə qalıb, həmin vaxt tezlik və gərginliyin düşməsi başlanıb.

"İyulun 24-də Gürcüstanın enerji sistemi 330 kilovoltluq elektrik ötürücü xətləri vasitəsilə Azərbaycanın enerji sistemi ilə paralel rejimdə işləyirdi.

Təxminən saat 00:10:49-da Gürcüstanın enerji sisteminin Azərbaycanın enerji sistemindən ayrılması baş verib və Gürcüstanın enerji sistemi təcrid olunmuş rejimdə qalıb, həmin vaxt tezlik və gərginliyin düşməsi başlanıb.

Göstərilən parametrlər elə qiymətlərə çatıb ki, onların nəticəsində enerji sistemində həm elektrik stansiyalarının, həm də istehlakçıların kaskadlı şəkildə söndürülməsi başlanıb. Nəticədə isə enerji sisteminin tamamilə sönməsi baş verib.

Göstərilən faktı şərtləndirən amillərdən biri, cari vəziyyətə və 'Gürcüstan Dövlət Energetika Sistemi' ASC-nin (GDES) təqdim etdiyi məlumata əsasən, 'Kutaisi 220' yarımstansiyasından çıxan və 'Enerqo-Pro Georgia' Səhmdar Cəmiyyətinin mülkiyyəti olan 110 kilovoltluq 'Qequti' elektrik ötürücü xətti olub.

Gürcüstan Dövlət Energetika Sistemi elektrik ötürücü xətlərində tamdəyərli sürətli təsir edən mühafizələrin quraşdırılmasını gözləməməli idi və mövcud rele mühafizəsi və avtomatikasının yenidən hesablanmasını həyata keçirməli idi ki, heç olmasa Azərbaycanla ayırıcı avtomatikanın işə düşmə ehtimalını minimuma endirsin və Gürcüstanın enerji sisteminin etibarlılığı və dayanıqlığının təmin edilməsi maraqlarının yerinə yetirilməsi üçün hərəkət etsin.

Verilmiş məsələ iki istiqamətdə tədqiqat tələb edir. Birincisi – Azərbaycanla əlaqənin kəsilməsi, ikinci məsələ isə – Gürcüstan enerji sisteminin təcrid olunmuş rejimdə işləmək qabiliyyəti hissəsidir", – deyə İctimai Yayımcının yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, iyulun 24-də və 25-də ölkə miqyasında bir neçə saatlıq elektrik enerjisinin qəza nəticəsində kəsilməsi hallar qeydə alınmışdı. Qeyd olunanlarla bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən sabotaj maddəsi ilə istintaq da başlanıb.

ŞƏRH YAZ
0