Gələn həftə parlamentin payız sessiyası açılır.
Aktual.ge xəbər verir ki, reqlamentə əsasən, payız sessiyası sentyabr ayının ilk çərşənbə axşamı açılmalıdır.
Sentyabrın ilk çərşənbə axşamı sentyabrın 1-nə təsadüf edir və həmin gün payız sessiyasının ilk plenar iclası keçiriləcək. Sessiyanın açılışı zamanı Gürcüstanın dövlət himni səsləndiriləcək.
Payız sessiyasında parlamentə “Gürcüstan hökumətinin strukturu, səlahiyyətləri və fəaliyyət qaydası haqqında” qanuna dəyişiklik təqdim edilməlidir. Sözügedən layihə hökumətdə planlaşdırılan növbəti struktur dəyişikliyi ilə bağlıdır. Hökumətin təşəbbüsünə əsasən, Regional İnkişaf Nazirliyi, həmçinin hökumətin tərkibində yeni yaradılmış hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri vəzifəsi ləğv edilir. Bununla yanaşı, hökumətin tərkibində regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsi yaradılır və baş nazirin qərarı ilə bu vəzifəni Mamuka Mdinaradze tutacaq.
Bundan əlavə, “Gürcü Arzusu”nun parlament çoxluğu kilsənin, müqəddəs əşyaların, tarixi qəhrəmanların və milli dəyərlərin təhqirdən qorunması məqsədilə yeni hüquqi tənzimləmənin qəbulunu planlaşdırır.
Bildirilib ki, müvafiq qanun layihəsi payız sessiyasında təşəbbüs kimi təqdim olunacaq.
Payız sessiyasının ilk plenar iclasından əvvəl Büronun iclası keçiriləcək və burada iclasın gündəliyi müəyyənləşdiriləcək.