Rusiya Abxaziya və Cənubi Osetiyanın təhlükəsizliyinin və dövlətçiliyinin möhkəmləndirilməsinə yardımını davam etdirəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın qurumun rəsmi saytında yayımlanan bəyanatında qeyd olunub.
“Avqustun 26-da Abxaziya və Cənubi Osetiya xalqları öz taleləri üçün xüsusi əhəmiyyət daşıyan bayramı - Abxaziya Respublikasının müstəqilliyinin beynəlxalq səviyyədə tanınması gününü və Cənubi Osetiya Respublikasının dövlət müstəqilliyinin Rusiya Federasiyası tərəfindən tanınması gününü qeyd edirlər. Rusiya 2008-ci ildə həmin gün Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanıyan dünyada ilk ölkə oldu. Bu qərar hər iki respublika xalqının müstəqillik uğrunda fədakar mübarizəsinə son qoydu, onları o vaxtkı Gürcüstanın kriminal rejiminin planlaşdırdığı məhvdən xilas etdi və onların xoşbəxt gələcəyinin qurulması üçün zəmin yaratdı. 'Kollektiv Qərb'in münaqişənin eskalasiyasına təhrik etməsi fonunda Rusiyanın regionda vəziyyətin normallaşdırılmasına verdiyi töhfə bu bayramı ölkəmiz üçün də əhəmiyyətli edir”, - bəyanatda deyilir.
Zaxarovanın sözlərinə görə, son 18 il ərzində Rusiya–Abxaziya və Rusiya–Cənubi Osetiya münasibətləri dinamik şəkildə inkişaf edir. 2008-ci il sentyabrın 9-da Moskva Suxumi və Tsxinvali ilə “diplomatik münasibətlər” qurub, sentyabrın 17-də isə “Dostluq və əməkdaşlıq haqqında müqavilələr” imzalayıb.
“Hazırda biz bu gənc respublikalara dövlət institutlarının möhkəmləndirilməsində, iqtisadiyyatın və sosial sahələrin inkişafında, beynəlxalq nüfuzlarının artırılmasında yardım edirik. Milli qanunvericiliyin uyğunlaşdırılması, vahid müdafiə və təhlükəsizlik çərçivəsinin yaradılması, eləcə də regionlararası əməkdaşlığın inkişafı istiqamətində çalışırıq.
Dost ölkələrə onların dövlətçiliyinin, təhlükəsizliyinin və iqtisadiyyatının möhkəmləndirilməsində genişmiqyaslı yardımı davam etdirmək niyyətindəyik. Strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi gücləndirmək, ümumi ənənələrimizi, mədəni irsimizi və mənəvi dəyərlərimizi qorumaq üçün birgə fəaliyyətimizi davam etdirəcəyik.
Abxaziya və Cənubi Osetiyanın qardaş respublikalarına sülh, xeyir və firavanlıq arzulayırıq”, - deyə Mariya Zaxarovanın işğal olunmuş Tsxinvali və Abxaziyanın qondarma “müstəqilliyinin” tanınması günü ilə əlaqədar yaydığı bəyanatda qeyd olunub.