Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, kilsə hər zaman abort məsələsinə xüsusi diqqət yetirib və bunun konkret nəticələri var.
Aktual.ge xəbər verir ki, onun sözlərinə görə, hökumət qanunvericiliklə bağlı dəyişiklikləri müzakirə etməyə hazırdır və bu prosesdə kilsə, patriarx və ruhani şəxslərlə əməkdaşlıq edə bilər.
Baş nazir qeyd edib ki, mayın 17-də patriarxın etdiyi çıxış cəmiyyət üçün çox vacib olub. O vurğulayıb ki, bu, kilsənin abortla bağlı ilk mövqeyi deyil və əvvəlki illərdə də bu mövzuya toxunulub.
Kobaxidzenin sözlərinə görə, statistika kilsənin mövqeyinin təsirini göstərir: 2012-ci ildə Gürcüstanda 39 mindən çox abort qeydə alındığı halda, ötən il bu rəqəm 12 mindən aşağı düşüb. O əlavə edib ki, bu dövrdə qanunvericilik dəyişməsə də, abortların sayında ciddi azalma müşahidə olunub.
Baş nazir hesab edir ki, bu nəticələr cəmiyyətin ruhani şəxslərin çağırışlarına reaksiyası ilə bağlıdır.
O, həmçinin qeyd edib ki, hökumət abortla bağlı mövcud tendensiyanı yaxşılaşdırmaq üçün qanunvericilikdə mümkün dəyişiklikləri müzakirə etməyə hazırdır.
Xatırladaq ki, mayın 17-də Şio III Tbilisidəki Müqəddəs Üçlük Katedralində çıxış edərək demoqrafik vəziyyətə diqqət çəkib. Onun sözlərinə görə, abort ailə üçün ağır günahdır və belə təməl üzərində xoşbəxt ailə qurmaq mümkün deyil.
Patriarx bildirib ki, uşaqların dünyaya gəldiyi ailələrdə xoşbəxtlik daha çox olur və çoxuşaqlı ailələrdə çətinliklər zamanla azalır.
O, cəmiyyətə çağırış edərək vurğulayıb ki, əgər demoqrafik vəziyyət yaxşılaşdırılmasa və ailə institutuna diqqət artırılmasa, gələcəkdə ölkə üçün ciddi risklər yarana bilər.