Marneulidə Mikayıl Müşfiqin 118 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO
Bugün
241
Mədəniyyət
A
Marneulidə Mikayıl Müşfiqin 118 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

11 iyun Marneulidəki Çay Evində “Yeni Nəsilin Liderləri” təşəbbüs qrupu və “İnkişaf və Təhsil Mərkəzi” nəzdində fəaliyyət göstərən “Azərbaycan Ədəbiyyatı və İncəsənəti Klubu”nun birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 118-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Aktual.ge xəbər verir ki, tədbirdə iştirakçılara Mikayıl Müşfiqin həyat və yaradıcılığı, Azərbaycan poeziyasına verdiyi töhfələr, sevgi mövzusunda qələmə aldığı əsərlər, eləcə də onun taleyində yaşanan faciəli hadisələr barədə ətraflı məlumat təqdim olunub.

Tədbirin interaktiv hissəsində şairin əsərlərindən seçilmiş misralar gənclərə paylanılıb. İştirakçılar həmin misraları səsləndirərək Mikayıl Müşfiqin yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.

Proqram çərçivəsində Azərbaycanın tanınmış sənətkarları Lütfiyar İmanov və Şövkət Ələkbərovanın Mikayıl Müşfiqin sözlərinə bəstələnmiş ifaları dinlənilib.

Tədbirdə çıxış edən gənc şair Vaqif Səyyah isə Mikayıl Müşfiqin məşhur “Yenə o bağ olaydı” şeirini səsləndirərək iştirakçılara yaddaqalan anlar yaşadıb.

Bununla yanaşı, Çay Evinin Rəssamlıq Kursunun üzvləri Gülanə Mahmudova və Ruzana Namazovanın rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. Sərgilənən əsərlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və proqramın mədəni məzmununu daha da zənginləşdirib.

Qeyd edək ki, tədbirin əsas məqsədi gənclər arasında Azərbaycan ədəbiyyatının təbliği, klassik ədəbi irsin tanıdılması və Mikayıl Müşfiqin yaradıcılığına marağın artırılması olub.

Tədbir “Yeni Nəsilin Liderləri” təşəbbüsünün rəhbəri Emil Allahverdiyev və “Azərbaycan Ədəbiyyatı və İncəsənəti Klubu”nun rəhbəri Türkan Kazımlının təşkilatçılığı ilə baş tutub.

ŞƏRH YAZ
4