Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində artıq üçüncü gündür ki, təbii qazın verilişi dayandırılıb. Qaz təchizatındakı bu fasilə sakinlərin narahatlığına səbəb olmaqla yanaşı, gündəlik həyatlarını da ciddi şəkildə çətinləşdirir. Problemi yerində araşdırmaq üçün Qızılhacılı kəndinə üz tutduq. Burada Aktual.ge xəbər portalına danışan sakinlər üzləşdikləri çətinliklərdən şikayətləniblər.
Bundan əlavə, Qızılhacılıda üç gündür təbii qazın olmaması kommersiya obyektlərinə də mənfi təsir göstərir; kənddəki bir sıra çörək istehsalı müəssisələri fəaliyyətini müvəqqəti olaraq dayandırıb və kənddəki bir sıra marketlərdə çörək rəfləri boş qalıb.
Qızılhacılı kəndinin sakinləri bildirirlər ki, kənddə təkcə qaz deyil, həm də su və elektrik enerjisi ilə bağlı problemlər mövcuddur. Onların sözlərinə görə, gündəlik həyatlarını davam etdirmək üçün ən vacib ehtiyaclardan məhrum qalıblar.
Müxalif siyasətçi Əhməd İmamquliyev hökumət nümayəndələrinin kəndə gedib təktərəfli görüş keçirmələrini tənqid edib və bunu partizan tərzi görüş adlandırıb.
Onun sözlərinə görə, burada yalnız tək tərəfin maraqları qorunur və əsas məqsəd “Mamed Gas” şirkətinin Nəriman Allahverdiyevin nəzarətindən çıxarılmasıdır.
"Vahid Milli Hərəkat" partiyasının nümayəndəsi Ramal Əhmədovda məsələsə kəskin reaksiya verib və yerli hakimiyyəti fəaliyyətsizlikdə ittiham edib.
Qeyd edək ki, iyunun 9-u səhər saatlarından etibarən Qızılhacılı kəndi və Marneuli bələdiyyəsinin 26 May küçəsində təbii qazın verilişi dayandırılıb. Həmin ərazini qazla təmin edən şirkətin rəhbəri Nəriman Allahverdiyevin sözlərinə görə, qaz təchizatı SOCAR tərəfindən dayandırılıb. Onun iddiasına əsasən, tariflərin artırılmasına razılıq vermədiklərinə görə SOCAR “Mamed Gas” şirkətinin abonentlərinə təbii qazın verilməsini dayandırıb.
SOCAR GAS isə məsələyə reaksiya verərək qeyd edib ki, Gürcüstan Mamed’ MMC üçün sosial təyinatlı qaz təchizatı ciddi şəkildə səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş tarifə uyğun olaraq həyata keçirilir. Şirkətimizin sosial sektorda tarif müəyyən etmək səlahiyyəti yoxdur və bu, tamamilə müvafiq orqanın səlahiyyətindədir. Tarifin artırılması ilə bağlı bizə qarşı irəli sürülən bütün ittihamlar isə əsassızdır.
Daha ətraflı Salo Salahlının video süjetini təqdim edirik: