Qızılhacılıda təbii qazın olmamasına Nərgiz Əliyevadan kəskin reaksiya
Bugün
315
Siyasət
A
Qızılhacılıda təbii qazın olmamasına Nərgiz Əliyevadan kəskin reaksiya

"Qızılhacılı günlərdir təbii qazsız qalıb. Candarda işıq kəsilib. Ümumiyyətlə, bələdiyyəyə baxanda sanki Allah tərəfindən unudulmuş bir şəhərdə yaşayırıq. Seçkiöncəsi səsləndirilən şüarlar yadıma düşdü – “sülhə doğru”, “müharibəyə yox” və s. Bəli, sülh yaxşı şeydir. Lakin bir çox müharibə şəraitində olan ölkələrə baxanda oradakı infrastrukturun bizimkindən qat-qat yaxşı olduğunu görürük. Elə bil bizim şəhər müharibədən çıxıb".

Aktual.ge xəbər verir ki, bunu sosial şəbəkədə "Vahid Milli Hərəkat" partiyasının üzvü Nərgiz Əliyeva yazıb.

"21-ci əsrdə yaşayırıq, amma hər yay ya su, ya işıq, ya da qaz problemi yaranır. Qayıdaq Qızılhacılıya. Neçə gündür itlər üçün sığınacaq tikməyi planlaşdıran təyin olunmuş merimiz və 'şəkil' deputat dünən gecə saatlarında sakinlərlə görüş keçirib. Görüşə yalnız onlara əl çalan sakinlər dəvət olunub.

Niyə gecə görüşlərinə bu qədər meyillidirlər, bilmirəm. Nə isə…

Sonra çıxıb 'Mamed Qaz' şirkətinin rəhbəri ilə danışırlar. Bu dialoqu dinləyərkən çox duyğulandım. Narkoz qəbul etdiyim üçün əvvəl düşündüm ki, bəlkə yuxu görürəm. Bu məmurcuqların xalqın içinə çıxması mənə bir az real gəlmədi. Sonra gördüm ki, yox, yuxu olsa heç olmasa daha düzgün danışardılar.

Daur-Zaur cütlüyü xalqın qarşısına çıxıb 'biz sizin tərəfinizdəyik' deyir. Nəriman dayı da bunlara hüquq dərsi keçir. Daur bir az çabaladı, gördü alınmır, böyük qardaşa sığındı.

Böyük qardaş isə belə işlərdə çox təcrübəlidir. Kostyumunu geyinib xalqın içinə çıxmaq və nağıl danışmaqda ustadır. Nitqinə söz yoxdur, danışıq qabiliyyətini həmişə bəyənmişəm. Bax, tərif də edə bilirəm. 

Amma ay Zaur, niyə tələsirsən? Xalqın qarşısına çıxanda heç olmasa qanunu oxu, hazırlıqlı ol. Axı sən qanunverici orqan olan parlamentin üzvüsən. O qanunları elə siz yazırsınız.

Sən hüquqşünas deyilsən, ümumiyyətlə ixtisasın ingilis dilidir. İngilis dilini nə qədər bildiyini də açıb-ağartmayım. Amma bir adamı parlamentdə 8 il oturtsalar, heç olmasa elementar hüquqi biliklər əldə edər. Heç nəyə yanmadım, ay Zaur, dövlətlə hakimiyyət arasındakı fərqi sən də bilmirsən? Ayıbdır!

Qardaşımız gördü ki, alınmır, Nəriman dayı şir kimi üstünə gəlir. Sağollaşdı. Sonra yəqin hansısa 'ağa' zəng etdi, nə dedi, nə demədi, qaqamız geri qayıdıb qanunları qızıl kimi xırdalamağa başladı. Dosta zəngsiz hələ də alınmır.

Balaca Daura isə jurnalistlər sual verir:

– Ay mer, bəs bizim axırımız nə olacaq? Heç olmasa çörək qıtlığı yaşansa, nə edəcəyik?

Qardaşımız da cavab verir:

– Onu mən haradan bilim? Gedib onlar düşünsün.

Beləcə, dünənki gecə görüşü də yekunlaşdı.

Nəticə?

Sıfır.

Nəyə gəldilər, nə etdilər – aydın deyil.

Qızılhacılı sakinləri hələ də qazsızdır. Sakinlərin günahı nədir?

Hər kəs kommunal ödənişlərini vaxtında edir. Bəs niyə əhali ziyan çəkməlidir? Bu məsələdə günahkar kimdirsə, tezliklə məsuliyyət daşımalıdır. Və ən əsası, bu günlərdə əhaliyə dəyən maddi və mənəvi zərər qarşılanmalıdır.

İndi bax, həmin dünənki 'məmurcuqlar' buna çalışsınlar" , - deyə Nərgiz Əliyeva yazıb.

ŞƏRH YAZ
0