Məhərrəm ayının gəlişi ilə əlaqədar (16 iyun) Gürcüstanda yaşayan müsəlmanlar Hz. Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) və onun tərəfdarlarının xatirəsinə əza məclisləri təşkil ediblər.
Sözügedən məclislər Gürcüstanın bir sıra bölgə və bələdiyyə və kəndlərindəki məscidlərdə, eləcə də hüseyniyyələrdə keçirilir. Marneuli Mərkəzi Hz İmam Əli (ə) məscidində təşkil olunan matəm mərasimində mərsiyələr oxunub, sinəzəni mərasimləri icra olunub.
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndindəki İmam Həsən (ə) məscidində Məhərrəm ayının ilk əza məclisi izdihamla baş tutub. Yüzlərlə qadın və kişinin iştirak etdiyi mərasimdə məscidin axundu Kərbəlayı Fuad İsəyev Qurani-Kərimdən ayələr tilavət edib və müsəlmanlara başsağlığı verib.
Daha sonra ilahiyyatçı Hacı Qurban Murquzov mötəbər günlər münasibətilə icma üzvlərinə başsağlığı verərək, Məhərrəm ayının əhəmiyyəti, İmam Hüseynin (ə) əza məclislərində iştirakın fəziləti və tarixi hadisələr haqqında çıxış edib.
Qızılhacılı kəndindəki əza məclisində İranın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Əli Mocanidə iştirak edib.
Daha ətraflı video xəbəri təqdim edirik: