Parlamentin iclas zalında sözlü və fiziki qarşıdurma baş verib.
Aktual.ge xəbər verir ki, qarşıdurmada "Qaxaria Gürcüstan naminə" fraksiyasının deputatları ilə "Gürcü Arzusu" partiyasının üzvləri fiziki olaraq toqquşublar.
Qarşıdurmaya "Qaxaria Gürcüstan naminə" fraksiyasının deputatı Giorgi Şaraşidzenin çıxışı səbəb olub.
İclas zalındakı dava "Qaxaria Gürcüstan naminə" fraksiyasının deputatı Giqa Parulava ilə "Gürcü Arzusu"nun deputatı İrakli Xeladze arasında başlayıb. Daha sonra davaya "Gürcü Arzusu"nun daha bir deputatı Laşa Talaxadze qoşulub və Giqa Parulavanın baş nahiyəsinə zərbə endirib. Dava başlayandan qısa müddət sonra vəziyyəti sakitləşdirmək məqsədilə parlamentin təhlükəsizlik xidməti əməkdaşları müxalifət deputatlarını iclas zalından çıxarmağa başlayıblar. Bu zaman Giqa Parulava ilə Arçil Qorduladze arasında da qarşıdurma yaşanıb. Davada iştirak edən deputatlar zaldan çıxarıldıqdan sonra isə müxalifət deputatı Giorgi Şaraşidzeyə İrakli Kirtsxalia və Levan Maçavariani qarşı çıxıblar.
Hazırda parlamentin iclası dayandırılıb.