“Birinci Doğum Klinikasında” gərginlik yaşanır. Ailə üzvləri pasiyentin başqa klinikaya köçürülməsini tələb edirlər. Onların sözlərinə görə, əməliyyatdan sonra qadının vəziyyəti ağırlaşıb və ona lazımi tibbi yardım göstərilmir.
Aktual.ge xəbər verir ki, ailə bildirir ki, 15 gündür klinikada müalicə alan 32 yaşlı qadının böyrəkləri fəaliyyətini dayandırıb və ona dializ tələb olunur. Lakin yaxınlarının iddiasına görə, klinikadakı dializ aparatı nasazdır və prosedur həyata keçirilə bilmir.
Ailə üzvlərindən biri deyib:
“Qızın böyrəkləri dayanıb (kəskin böyrək çatışmazlığı). Artıq 15 gündür xəstəxanadadır. Yarası irinləyib və lazımi qulluq göstərilmir. Doğum klinikasında infeksiyalı xəstənin nə işi var? Niyə vaxtında başqa klinikaya köçürülmədi? İndi vəziyyəti pisləşib, dializ aparatı isə xarabdır və edə bilmirlər”.
Pasiyentin anasının sözlərinə görə, həkim əməliyyatın çox qısa çəkəcəyini və həmin gün evə buraxılacağını bildirib. Lakin əməliyyatdan sonra qızının səhhəti daha da pisləşib.
“Kiçik bir əməliyyatı var idi. Həkim dedi ki, təhlükəli heç nə yoxdur, 15 dəqiqəlik əməliyyatdır və axşam evə gedəcəksən. Amma gedə bilmədik. Həmin gündən sonra qızımın vəziyyəti getdikcə ağırlaşır. Heç kim mənə kömək etmir. Səhiyyə Nazirliyindən və “Aversi” klinikasından xahiş edirəm, uşağımın başqa klinikaya köçürülməsinə kömək edin. Onun 6 yaşlı övladı var, onu taleyin ümidinə buraxmayın”, — deyə ana “TV Pirveli”yə bildirib.
Klinika nümayəndəsi isə ailə üzvlərinə bildirib ki, pasiyentin başqa klinikaya köçürülməsi barədə qərarı o vermir:
“Mən çalışıram, zəng edirəm. Qərarı mən qəbul etmirəm”.
Klinikanın qarşısına toplaşan şəxslər bildiriblər ki, 32 yaşlı Sima Quliyeva əməliyyatdan sonra ağırlaşmalar səbəbilə vəfat edən 35 yaşlı qadınla eyni palatada yerləşdirilib. Vəfat edən qadının ailəsi də həkimlərin məsuliyyətə cəlb olunmasını tələb edir.
Hadisə ilə əlaqədar “Birinci Doğum Klinikasının” qarşısında polis əməkdaşları cəlb olunub.