Yuxarı Saral kəndində “Zirvə” Mükafatı təsis edilib | Xeyriyyəçi iş adamı Rəhim Hüseynovdan təhsildə fərqlənən gənclərə mükafat - VİDEO
23.07.2026 23:28
68
Mədəniyyət
A
Yuxarı Saral kəndində “Zirvə” Mükafatı təsis edilib | Xeyriyyəçi iş adamı Rəhim Hüseynovdan təhsildə fərqlənən gənclərə mükafat - VİDEO

Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndində “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə yeni təsis edilən “Zirvə” Mükafatının təqdimat mərasimi keçirilib.

Tədbirdə 250 nəfər tələbə, müəllim, valideyn və şagirdlə yanaşı, dövlət qurumlarının rəhbərləri və nümayəndələri, ictimai xadimlər və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən Marneuli meri Daur İsmayılov, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, tədbirin himayəçisi və xeyriyyəçi iş adamı Rəhim Hüseynov, “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov, “Aktual Media”nın rəhbəri İlkin Hüseynov, İmamcümə Hacı Əziz Nəbiyev və Yuxarı Saral orta məktəbinin tədris hissə rəhbəri Mirağa Mustafayev çıxışlarında təhsilin, gənclərin inkişafının və onların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, “Zirvə” Mükafatı 2026-cı ilin iyul ayında xeyriyyəçi və iş adamı Rəhim Hüseynov tərəfindən təsis olunub. Mükafat hər il təhsil, elm, incəsənət, mədəniyyət və idman sahələrində fərqlənən gənclərin fəaliyyətini qiymətləndirmək və onların uğurlarını dəstəkləmək məqsədilə yaradılıb.

İlk “Zirvə” Mükafatı təhsil sahəsində fərqlənən və dövlət təqaüdü alan gənclərə təqdim edilib. Onların hər birinə 1000 lari məbləğində pul mükafatı verilib.

Tədbir çərçivəsində, həmçinin, iyulun 21-də keçirilən “Zəka” İntellektual Bilik Yarışının qalibləri arasında yer alan “SARAL” mərkəzinin doqquz üzvü diplom, medal və hədiyyələrlə təltif olunub. Daha sonra “SARAL İnkişaf və Təhsil Mərkəzi”ndə könüllü fəaliyyət göstərən müəllimlərə xidmətlərinə görə plaketlər təqdim edilib və onların hər birinə 500 lari məbləğində pul mükafatı verilib.

Tədbir çərçivəsində “Aktual Media”nın hazırladığı “Novella 2” bədii-sənədli filminin rəsmi tərəfdaşı qismində Yuxarı Saral İnkişaf və Təhsil Mərkəzinin iştirakı ilə bağlı mərkəzin təsisçisi və himayəçisi, xeyriyyəçi iş adamı Rəhim Hüseynovla “Aktual Media”nın rəhbəri İlkin Hüseynov arasında müqavilə imzalanıb.

Tədbirin himayəçisi Rəhim Hüseynova 60 illik yubileyi münasibətilə xatirə hədiyyələri təqdim olunub.

Mərasimin sonunda qonaqlar “SARAL İnkişaf və Təhsil Mərkəzi”nin rəsm kursunun üzvlərinin əl işlərindən ibarət açıq hava sərgisi ilə tanış olublar. Sonda iştirakçılar və qonaqlar xatirə şəkilləri çəkdiriblər.

Daha ətraflı video süjeti təqdim edirik:

ŞƏRH YAZ
1