Məhkəmə Axobadzeni həbsdə saxlayıb
Bugün
111
Siyasət
A
Məhkəmə Axobadzeni həbsdə saxlayıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbər müavini Levan Axobadze həbsi qüvvədə saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi İrakli Şvanqiradze qəbul edib.

Bu gün qapalı rejimdə keçirilən məhkəmə iclasında Levan Axobadze barəsində seçilmiş həbs qətimkan tədbirinə yenidən baxılıb və həbs qüvvədə saxlanılıb.

Bundan əlavə, sübutların mümkünlüyü məsələsi müzakirə edilib. Həmçinin Levan Axobadzenin işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə verilib.

İş üzrə prokuror Ani Lekiaşvilinin sözlərinə görə, ittiham tərəfinin sübutları rüşvətin tələb edilməsi və verilməsinin necə həyata keçirildiyinin bütün mərhələlərini əhatə edir. Bununla yanaşı, pulun verildiyi şəxslər, eləcə də bu prosesdə iştirak edən digər şəxslər dindirilib. Prokurorunun sözlərinə görə, Qriqol Liluaşvili dindiriləcək şahidlər siyahısında yoxdur. Bununla belə, digər şəxslərin mümkün cinayət əməlləri ilə bağlı ayrıca araşdırma aparılır.

Məlumat üçün bildirək ki, DTX-nın keçmiş rəhbər müavini Levan Axobadze Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi tərəfindən saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvət alma faktı üzrə həbs edilib.

İstintaqın məlumatına görə, DTX-nın keçmiş rəhbər müavini sahibkara vasitəçilər vasitəsilə pulun geri qaytarılmasında kömək edəcəyini vəd edib və bunun müqabilində rüşvət qismində 500 min lari tələb edib. Lakin sonda 250 min larinin verilməsi barədə razılıq əldə olunub.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 3-cü hissəsinin “e” bəndi ilə - vəzifəli şəxs tərəfindən rüşvət verənin xeyrinə hər hansı hərəkəti həyata keçirmək və analoji məqsədə nail olmaq üçün öz xidməti nüfuzundan istifadə etmək məqsədilə pulun birbaşa tələb edilməsi və alınması, xüsusilə külli miqdarda törədildikdə ittiham irəli sürülüb.

Bu maddə üzrə 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

ŞƏRH YAZ
0