"Mamuka Mdinaradze [mənim] bu işdə o qədər ağır və kobud səhvlərə yol verdi ki, bu, təkcə onun vəzifəsindən uzaqlaşdırılmasına deyil, həm də siyasətdən getməsinə səbəb oldu". Aktual.ge xəbər verir ki, bunu keçmiş Baş nazir İrakli Qaribaşvili həbsxanadan göndərdiyi növbəti məktubunda yazır.
Onun sözlərinə görə, Mdinaradzenin siyasətdən uzaqlaşdırılması onun və İrakli Kobaxidzenin iştirakı ilə ölkəyə, insanlara və “Gürcü Arzusu”na vurulmuş ən ağır və düzəldilməsi mümkün olmayan zərəri aradan qaldıra bilməz.
Keçmiş baş nazir keçmiş komanda yoldaşlarına işarə edərək bildirir ki, Kobaxidze-Mdinaradze hakimiyyəti dövründə bir sıra insanların intihar etməsi ilə bağlı suallar bu günədək cavabsız qalıb.
“Düşünürəm ki, cəmiyyət artıq mənim dərc etdiyim məktubun həqiqi olduğuna və orada göstərilən faktların doğru olduğuna əmin olub. Mamuka Mdinaradze bu işdə o qədər ağır və kobud səhvlərə yol verdi ki, bu, təkcə onun vəzifəsindən uzaqlaşdırılmasına deyil, həm də siyasətdən getməsinə səbəb oldu. Lakin cəmiyyətə mövqeyimi çatdırmaq istəyirəm: Mdinaraidzenin siyasətdən uzaqlaşdırılması onun və İrakli Kobaxidzenin iştirakı ilə ölkəyə, insanlara və 'Gürcü Arzusu'na vurulmuş ən ağır və düzəldilməsi mümkün olmayan zərəri aradan qaldıra bilməz.
Bir daha cəmiyyət üçün izah edim ki, mənə göndərilən məktubun birinci bəndində nə nəzərdə tutulurdu. Həmin bənddə jurnalist Dito Çubinidze, İrma İnaşvili və onların fəallığı ilə bağlı yaranmış təsəvvür və şübhələrdən bəhs olunurdu. Bu məsələ ilə bağlı xanım İrma İnaşvili özü açıqlama verərək bildirdi ki, mənim onların siyasi və ya jurnalist fəaliyyəti ilə heç bir əlaqəm olmayıb və yoxdur.
Bəlkə də jurnalist Dito Çubiniidzenin məqalələri barədə ümumiyyətlə heç nə deməzdim, əgər bir neçə gün əvvəl tamamilə təsadüfən dəhşətli bir hadisədən xəbər tutmasaydım. Məhz buna görə cəmiyyətlə hakimiyyət tərəfindən mənə göndərilən məktub və bu ilin fevralında baş vermiş hadisə ilə birbaşa əlaqəli olan əlavə məlumatı bölüşmək qərarına gəldim.
Fevralın 12-də Kobaxidze və Mdinaradzenin tapşırığı ilə mənə 2026-cı il fevralın 2-də 'Asaval-Dasavali' qəzetində dərc olunan məqaləni göndərdilər. Həmin məqalədə jurnalist Dito Çubinidze keçmiş hüquq müdafiəçisi Lazare Corbenadzedən müsahibə alırdı. Məqalə əsasən Kobaxidzenin tənqidinə və onun barəsində səsləndirilən ağır ittihamlara həsr olunmuşdu.
Mənə tamamilə yalan təsəvvürə əsaslanan şübhənin ifadə olunduğu irad xarakterli mesaj çatdırıldı — görəsən, sözügedən məqalənin arxasında mən dayanmırdım ki? Digər detalları qəsdən yazmıram, lakin əsas ittiham və irad məhz bundan ibarət idi ki, belə tənqidi məqalələrin arxasında mənim izimi görürdülər.
Təbii ki, reaksiyam son dərəcə mənfi oldu və onlara bildirdim ki, belə sual və iradlarla bir daha yanıma gəlməsinlər, bu cür sifarişli məqalələrin mənim üslubum olmadığını, bunun onlara xas olduğunu söylədim.
Daha sonra bu tənqidi ittihamlar 'Obyektiv' telekanalının efirində də dəfələrlə səsləndirildi. İndi isə mənim üçün mənzərə aydındır və bütün məsələlərə cavab verilib: niyə məktubun birinci bəndinə 'Dito Çubinidze və İrma İnaşvili kimi tərəfdarlarım'ın ciddi şübhələr yaratdığı və Kobaxidze-Mdinaradze komandasının maraqlarına böyük zərər vurduğu yazılmışdı.
Bütün bu tarixçə, yəqin ki, ictimaiyyət qarşısında danışılmalı da deyildi. Əgər tamamilə təsadüfən Dito Çubinidzenin sözügedən məqaləsində müsahibə aldığı şəxsin, məqalə dərc edildikdən müəyyən müddət sonra intihar etdiyini öyrənməsəydim…
Həmçinin mənə məlum oldu ki, mərhum hüquq müdafiəçisi Lazare Corbenadzenin intiharı ilə bağlı 'Asaval-Dasavali' qəzetinin özü açıq şəkildə suallar qaldırıb və onun intihar etməsi versiyasını şübhə altına alıb.
Aşağıdakı suala cavab verilməlidir: hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümünün əsl səbəbi nə olub?
Bu sualı açıq şəkildə verirəm, çünki cəmiyyətdə Kobaxidze-Mdinaradze hakimiyyəti dövründə bir sıra insanların intihar etməsi ilə bağlı suallar hələ də cavabsız qalır…”, - deyə İrakli Qaribaşvili qeyd edib.