Gürcüstan-Moskva reysi üzrə sərnişin avtobusu yük maşınına – “KamAZ”a çırpılması nəticəsində, 5 nəfər hadisə yerində ölüb, son məlumatlara görə, xəsarət alanların sayı 38-ə çatıb. Onların arasında 10 uşaq var.
Aktual.ge xəbər verir ki, hadisə avqustun 30-u təxminən gecə saat 1 radələrində “Qafqaz” avtomobil yolunun 3-cü kilometrində baş verib.
Rusiya yol polisinin ilkin məlumatına görə, “Setra” markalı avtobusun sürücüsü qarşıda hərəkətdə olan “KamAZ”la təhlükəsiz məsafə saxlamayıb və yük maşınına çırpılıb. Bundan sonra avtobus yoldan çıxaraq xəndəyə düşüb.
İlkin olaraq 24 nəfərin xəsarət aldığı bildirilsə də, daha sonra onların sayı 38-ə yüksəlib. İlkin məlumatlara görə, avtobusda ümumilikdə 43 nəfər olub.
Xəsarət alanlar Pyatiqorsk şəhərindəki tibb müəssisələrinə çatdırılıb. Uşaqlardan 4-nün vəziyyəti qənaətbəxşdir, 1 uşaq isə reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə yerində yol polisi və istintaq-operativ qrup çalışır. Qəzanın dəqiq səbəbləri və başvermə şəraiti araşdırılır.
