Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Abxaziya məsələsi ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.
Aktual.ge xəbər verir ki, məhkum olunmuş eks-prezident Abxaziyaya nəzarətin bərpası yolunun abxazlarla barışıqdan keçmədiyini bildirib.
Saakaşvilinin sözlərinə görə, Abxaziya məsələsinin həlli Rusiya imperiyasının zəifləməsi və mümkün parçalanması ilə bağlıdır.
“Kim düşünürsə ki, Abxaziyaya nəzarətin bərpası yolu yalnız maksimum 50 min abxazla barışmaqdan keçir, onun başında fikir əvəzinə palçıq var. Abxazlar bizə nifrət edir və bunun çarəsi yoxdur.
Abxaziya böyük geosiyasi məsələdir. Onun həlli Rusiya imperiyasının zəifləməsi və ehtimal olunan parçalanmasından keçir. Bu məsələ Ukraynanın uğurlarından, Qərbin gücündən və əlbəttə ki, Gürcüstanın özünün güclü vəziyyətdə olmasından asılıdır.
Ona görə də xırda məsələlərlə məşğul olmağı dayandırın və geniş mənzərəni görün. Eyni zamanda, vəfat edən abxaz bloqer Daur Buavanın ailəsinə başsağlığı verirəm”, - deyə Saakaşvili yazıb.