Səudiyyə Ərəbistanında Məkkə, Ciddə və Taif vilayətlərinin də daxil olduğu çoxsaylı bölgələrə hücum xəbərdarlığı edilərək, əhaliyə təhlükəsiz yerlərə getmək çağırışı olunub.
Aktual.ge xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi “X” sosial media platformasındakı hesabından məsələ ilə bağlı açıqlama yayıb.
Açıqlamada Milli Erkən Xəbərdarlıq Platforması tərəfindən Məkkə, Taif və Ciddə üçün “təhlükə” xəbərdarlığı edildiyi bildirilib.
Ayrıca vətəndaşlara mümkün təhlükələrə qarşı diqqətli olmaları, səlahiyyətli qurumların göstərişlərinə əməl etmələri və izdiham yaratmaqdan çəkinmələri çağırışı edilib. Həmçinin hər hansı hadisə zamanı görüntü çəkməmələri xahiş olunub.
Digər tərəfdən, açıqlamada xəbərdarlığın hansı təhlükə ilə bağlı olduğu və sözügedən riskin mənbəyi barədə hər hansı məlumat verilməyib.
Qeyd edək ki, Husilər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının hərbi əməliyyatlarına cavab olaraq, tez-tez Səudiyyə Ərəbistanının sərhəd bölgələrini və cənub vilayətlərini hədəfə alırlar.
Bölgədəki hərbi obyektlər və həyati əhəmiyyət daşıyan infrastrukturlar zaman-zaman Yəmən sərhədindən buraxılan pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə vurulur.