Baş nazir:
15.09.2026 22:07
161
Siyasət
A
Baş nazir: "Trump Tower Tbilisi" layihəsi 280 metr hündürlüyündə, 62 mərtəbəli qüllədir

"Bugünkü günün ölkəmiz və paytaxtımızın inkişafı üçün tarixi əhəmiyyət daşıdığını əminliklə söyləmək olar".

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Trump Tower Tbilisi" layihəsinin təqdimat mərasimində çıxışı zamanı bildirib.

Hökumət başçısının sözlərinə görə, "Downtown Tbilisi" layihəsi və onun əsas simvolu kimi nəzərdə tutulan "Trump Tower Tbilisi" yalnız şəhərsalma və tikinti çərçivələrini aşır.

“2 milyard dollarlıq investisiya, paytaxtın mərkəzində 600 min kvadratmetr müasir məkan ölkə üçün yeni reallıq, iqtisadi və turizm baxımından xüsusi cəlbedicilik yaradacaq.

Bu, 280 metr hündürlüyündə, 62 mərtəbəli qüllədir. Bu, Tbilisini dünyanın aparıcı şəhər mərkəzləri ilə bir sırada yeni cəlbedici məkana çevirəcək cəsarətli bir layihədir.

Bu miqyaslı əməkdaşlıq tamamilə təbii və qanunauyğundur: Gürcüstan bir çox baxımdan Avropa ilə Asiya arasında təbii əlaqələndirici körpüdür. Biz ardıcıl siyasət və açıq iqtisadiyyat yürüdürük və bunun nəticəsidir ki, Tbilisi və ümumilikdə ölkəmiz qlobal investorlar üçün ən etibarlı və cəlbedici istiqamətlərdən birinə çevrilir. Belə miqyaslı layihənin həyata keçirilməsini yəqin ki, hətta 5 il əvvəl belə çox çətin təsəvvür edərdik. Lakin bu illər ərzində ölkəmiz çox sürətli templə inkişaf edir. Bu gün qeyd edildi ki, ölkəmiz son illər ərzində yüksək iqtisadi artım tempinə malikdir. Təkcə bu 5 il ərzində Gürcüstan iqtisadiyyatı dollar ifadəsində təxminən 2,5 dəfə böyüyüb. Əlbəttə, belə bir tendensiya və dinamika yeni miqyaslı layihələrin həyata keçirilməsinə imkan yaradır”, - deyə İrakli Kobaxidze qeyd edib.

Baş nazirin qeyd edib ki, qlobal brend olan “Trump Organization”un və dünyanın aparıcı memarlıq şirkətlərindən biri olan "Gensler"in Vaşinqton ofisinin layihəyə cəlb olunması onun uğurunun çox möhkəm təminatını yaradır.

“Xüsusilə qeyd etmək lazımdır ki, qlobal nəhənglərin layiqli və tamhüquqlu tərəfdaşı Gürcüstan biznesidir. Bu, gürcü şirkətlərinin və kapitalının qlobal miqyaslı ideyaları həyata keçirmək üçün resurs və imkanlara malik olduğunun bariz təsdiqidir. Bu layihə ölkəmizdə minlərlə iş yeri, Gürcüstanın tikinti sektoru üçün uzunmüddətli sifarişlər və bununla da ölkə iqtisadiyyatımız üçün böyük stimul deməkdir.

2031-ci ildə 'Trump Tower' tikilib başa çatdıqda və 2033-cü ildə bütün məhəllənin tamamlanacağı zaman Tbilisi yenilənmiş Mərkəzi Parkla harmonik şəkildə birləşəcək tamamilə unikal bir məkan əldə edəcək. Gürcüstan hökuməti gələcəkdə də belə layihələri və hər bir investoru bu cür genişmiqyaslı və uzunmüddətli layihələrin həyata keçirilməsində qətiyyətlə dəstəkləyəcək.

İştirak edən hər bir şirkətə təşəkkürümü bildirmək istəyirəm. Bu təşəbbüsə görə 'Archi', 'Invia', 'Safir Organization', 'Finvest', 'Blockstone Capital' və 'Vector Group' şirkətlərinə təşəkkür edir, onlara uğurlar arzulayıram.

'Downtown Tbilisi' və 'Trump Tower' layihələrinə, eləcə də investorlarımıza bu layihənin həyata keçirilməsinə və göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Bu dəstək bizim üçün çox önəmlidir.

Tam əminəm ki, bu layihə ölkəmizin iqtisadi gücünün, sülhünün və tərəqqisinin daha bir əyani simvoluna, Gürcüstanın etibarlı, güvənilən və sabit dövlət kimi vizit kartına çevriləcək”, - deyə İrakli Kobaxidze vurğulayıb.

ŞƏRH YAZ
0