Keçmiş Baş nazirin müavini və Regional inkişaf naziri Mamuka Mdinaradzeyə dövlət mühafizəsi təyin edilib.
Aktual.ge xəbər verir ki, müvafiq qərarı Baş nazir İrakli Kobaxidze qəbul edib.
Bu məsələni tənzimləyən hökumət sərəncamı sentyabrın 8-də imzalanıb. Lakin sənəd hökumətin rəsmi saytında yalnız bir müddət əvvəl yayımlanıb.
Sənəddə qeyd olunur:
“Gürcüstanın 'Dövlət mühafizəsi xüsusi xidməti haqqında' Qanununun 5-ci maddəsinin 4¹ bəndinin 'b' yarımbəndinə və Gürcüstan hökumətinin 2020-ci il 5 fevral tarixli №73 qərarı ilə təsdiq edilmiş 'Dövlət mühafizəsi xüsusi xidmətinin mühafizə etdiyi şəxslərin siyahısı'nın 2-ci bəndinin 'f' yarımbəndinə əsasən, Gürcüstan hökumətinin keçmiş üzvü Mamuka Mdinaradzeyə müvafiq əsasların aradan qalxmasına qədər, lakin 2027-ci il avqustun 1-dək dövlət mühafizəsi təyin edilsin. Mühafizə tədbirlərinin həyata keçirilməsini Dövlət Mühafizəsi Xüsusi Xidməti təmin etsin” , - deyilir.
'Dövlət mühafizəsi xüsusi xidməti haqqında' Qanunun 5-ci maddəsinin 4¹ bəndinin 'b' yarımbəndinə əsasən, hökumətin qərarı ilə vəzifəli şəxs səlahiyyətlərinə xitam verildikdən sonra da şəxsi mühafizə ilə təmin oluna və ya bu mühafizə saxlanıla bilər. Bunun üçün həmin şəxsin həyatı və ya sağlamlığına təhlükə olduğunu göstərən kifayət qədər məlumatın olması və ya müvafiq xidmətdən bu barədə məlumat daxil olması tələb olunur.
Qeyd edək ki, son olaraq Baş nazirin müavini və regional inkişaf naziri vəzifəsini tutan Mamuka Mdinaradze avqustun 27-də hökumət administrasiyasında keçirilən fövqəladə brifinqdə vəzifəsindən istefa verdiyini və siyasətdən getdiyini açıqlayıb.