Təyinatından 5 ay sonra Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Qela Qeladze istefa verib.
Aktual.ge xəbər verir ki, istefa qərarı barədə Qela Qeladze özü sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, o, fəaliyyətini başqa qurumda davam etdirəcək.
“Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini tərk etmək qərarına gəldim. Siyasi komanda ilə məsləhətləşmələr nəticəsində fəaliyyətimi başqa bir qurumda davam etdirəcəyəm və burada da bütün məsuliyyətimlə ölkəmizin və cəmiyyətimizin maraqlarına xidmət edəcəyəm. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsində çalışmaq mənim üçün böyük məsuliyyət və ölkəmə xidmət etmək imkanı idi. Bu müddət ərzində xidmətin hər bir əməkdaşı ilə birlikdə fəaliyyətimiz dövlət qarşısında mövcud çağırışların effektiv şəkildə aradan qaldırılmasına, Gürcüstanın təhlükəsizliyinin möhkəmləndirilməsinə və milli maraqların qorunmasına yönəlib.
Dövlət Təhlükəsizlik Xidmətinin hər bir əməkdaşına peşəkarlıqlarına, fədakarlıqlarına və ölkəmizin təhlükəsizliyi naminə hər gün həyata keçirdikləri mühüm fəaliyyətə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm.
Siyasi komandaya, xüsusilə partiyanın fəxri sədri Bidzina İvanişviliyə və Baş nazir İrakli Kobaxidzeyə göstərdikləri etimada görə təşəkkür edirəm. Əminəm ki, Dövlət Təhlükəsizlik Xidməti gələcəkdə də üzərinə qoyulmuş mühüm vəzifələri layiqincə yerinə yetirməyə və ölkənin təhlükəsizliyini qorumağa davam edəcək” , - deyə general-mayor Qela Qeladzenin bəyatında qeyd olunub.
Xatırladaq ki, sentyabrın 12-də Maliyyə Nazirliyinin Gəlirlər və İstintaq xidmətlərinin rəhbərləri də vəzifələrindən istefa veriblər.