Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının özünü "Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri" kimi qələmə verən Mikayılov Səid Mehman oğlunun rəhbərliyi ilə Bakı şəhərində müxtəlif hazırlıq kursları, tələbə yataqxanaları və uşaq bağçaları adı altında fəaliyyət göstərməklə, faktiki olaraq "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmadan və azyaşlılar cəlb edilməklə dini ayinlər aparmasının qarşısı alınaraq "camaatın rəhbəri" və bir sıra üzvləri müvafiq olaraq cinayət və inzibati məsuliyyətə cəlb olunub.
Aktual.ge Oxu.az-a istinadən xəbər verir ki, hazırda Səid Mikayılovun təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon məhkəməsində baxılır.
Nəşr qeyd edir ki, Azərbaycanda qeyd olunan tədbirlər 2026-cı ilin yanvar ayında başlanılıb, qruplaşmaya aid dərshanələr və uşaq bağçaları bağlanılıb. 2026-cı ilin avqust ayında isə Türkiyə Respublikasında "Süleyman camaatı" dini icmasının rəhbəri Alihan Kuriş də daxil olmaqla bir neçə "camaat" üzvünün "cinayətkar dəstəyə rəhbərlik etmək, dələduzluq, vergidən yayınma, çirkli pulların yuyulması" ittihamı ilə həbs olunması haqqında mediada məlumatlar yayılıb.
Prosesdə şahid qismində ifadə verən "Nəsimi" tələbə yataqxanasının rəhbəri olmuş İbrahim Teymurov bildirib ki, adıçəkilən yataqxanaya ondan əvvəl Səid Mikayılov rəhbərlik edib:
"Orta təhsilimi başa vurandan sonra Xaçmaz rayonunda Qaraqurd kənd məscidində Quran dərslərinə getmişəm, Həmçinin ərəb əlifbasını öyrənmişəm. Daha sonra Türkiyəyə yollandım. Orada "Süleymaniyyə camaatı" kursunda dini təhsilimi davam etdirib ölkəyə qayıtdım. Qayıdandan sonra Şabran rayonunda təsərrüfatla məşğul oldum. Bir müddətdən sonra Bakıya gəlib Səid Mikayılovla tanış oldum. Dini təhsilinin olduğunu bilib məni "Nəsimi" tələbə yataqxanasına işə dəvət etdi. Əvvəlcə yataqxanada nəzarətçi, mühafizəçi işlədim. Sonra tələbələrə Quran dərsləri keçməyi başladım. Bir müddətdən sonra Səid mənə yataqxanada həftədə 2-3 dəfə quran dərsləri keçməyimi tapşırdı. Dərslər barədə tələbələrə məlumat verdik və tələbələr də Quranı öyrənməyə razı oldular. Daha sonra Səid müəllim məni öz yerinə rəhbər təyin etdi. Mən fəaliyyətimi rəhbər kimi davam etdirdim. Hər tələbədən ayda nağd qaydada 150 manat alırdıq. Həmin pula görə tələbələr həm burada yataqla, həm də gündə 3 dəfə yeməklə təmin edilirdilər. Əsasən aztəminatlı ailələrin övladları yataqxanada qalmaq üçün müraciət edirdilər. Amma bütün hallarda 150 manata yataqxana və 3 dəfə qidalanma heç yerdə yox idi".
Yataqxanada dini ayinlərin təşkili məsələsinə gəlincə şahid bildirdi ki, o və həmkarları tələbələrə dini ayələr, Quran, əxlaq və təmizlik öyrətməkləri ilə yanaşı dini ayinləri həyata keçiriblər.
"Tələbələr əsasən Quba, Xaçmaz, Şamaxı, Qax və Zaqatala rayonlarından idilər. Dini ayinlərdə istifadə etdiyimiz kitabların hamısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçmişdi və açıq satışına icazə verilirdi. Dini tədris barədə heç bir qurumdan qeydiyyatdan keçməyərək, qeydiyyatsız fəaliyyət göstərirdik".
Məhkəmə digər şahidlərin ifadəsi ilə 30 sentyabrda davam edəcək.