Bu gün Qardabani bələdiyyəsinin Sarticala Muğanlı kəndində etiraz aksiyası keçirilib.
Aktual.ge xəbər verir ki, aksiya yerli sakinlərin təşkilatçılığı ilə baş tutub.
Aksiya ilə bağlı Sarticala Muğanlı kəndinin baş axundu Hümbət Əliyev qeyd edib:
"Son zamanlar kəndimizə kənardan müxtəlif dini qrupların və şəxslərin gəldiyini, xüsusilə gənclər arasında dini təbliğat apardıqlarını müşahidə edirik.
Əhalinin narahatlığını daha da artıran əsas məsələ həmin qrupların fəaliyyətinin məqsədi, kim tərəfindən təşkil və maliyyələşdirilməsi, hansı dini qurumlarla əlaqəli olması və kənd əhalisi arasında hansı dini ideyaları yayması barədədir. Hazırda isə kəndimizdə sələfi, vahabi məscidi tikilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi bu narahatlığı daha ciddi mərhələyə gətirib çıxarıb.
Bu günki etiraz aksiyasının da səbəbi budur.
Bizim kəndimizin əhalisinin böyük əksəriyyəti tarixən şiə dini ənənələrinə bağlıdır. Kənd sakinləri hesab edirlər ki, kəndə kənardan fərqli və daha sərt dini dünyagörüşünə malik qrupların sistemli şəkildə daxil olması gələcəkdə kənd əhalisi arasında məzhəb qarşıdurmasına, sosial parçalanmaya və yerli ictimai münasibətlərin pozulmasına səbəb olacaq. Eyni zamanda, kəndin dini və milli-mədəni mühitinin kənardan gətirilən radikal və dözümsüz dini yanaşmalar nəticəsində dəyişdirilməsinə yol verilməməlidir.
Muğanlı Kəndi həmişə kənardan gəlmə hər şeyə qarşı həssas və ehtiyatlı olub. Bizim öz dinimiz, məzhəbimiz var. Bu kənd dədə babadan şiə olub. Bu xalqın xəmiri Əhli-Beytə məhəbbətlə yoğrulub. Və bizim kəndimizdəki kifayət qədər dünyəvi dəyərlərlə iç-içə, radikallıqdan uzaq, sekulyarlaşmış, milli dəyərlərimizlə sintez olunmuş bir şiəlikdir. Bizə nə sələfi donu geyinmiş ərəb millətçiliyi lazım deyil, nə də biz heç vaxt fars təranələrinə də oynamamışıq. Bizim kəndimizdəki şiəlik heç vaxt kənar qüvvələrin siyasi təsirinə də düşməyib. Lap ilk gündən bütün dini məclislərimizdə yalnız Gürcüstan dövlətimizin atributları olub. Çünki bizim kəntdə şiəlik yalnız dini yox, həm də milli hadisədir. Və biz bu gün razı ola bilmərik ki, heç Gürcüstan dövlətinin də dini məzhəb kimi rəsmi status vermədiyi sələfilik gəlib bizim kəntdə təşkilatlanıb, özünə yuva qura. Xalqı bir-birinə qarışdıra, qardaşı qardaşa qırdıra. Bizim yüz illərdir canımıza, qanımıza hopmuş dəyərlərimizi sıradan çıxarda.
Bizim İmam Hüseyni öldürənlərə dayı, rəhbər deyenleri kəndimizdə təşkilatlanmasını istəmirik. Eloğlu kimi yerəl dini və milli dəyərlərə hörmət və ehtiram edərlərsə Allaha ibadətlərini gəlib kəndin məscidində edə bilərlər. Kəntdə iki böyük məscid var, üçüncüyə gərək yoxdur...".


