DTX-nın keçmiş rəhbərinə 13 il həbs cəzası verilib
Bugün
152
Siyasət
A
DTX-nın keçmiş rəhbərinə 13 il həbs cəzası verilib

Korrupsiya cinayətində təqsirləndirilən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Lilu­aşvili məhkəmə tərəfindən təqsirli bilinib və 13 il müddətinə azadlıqdan məhrum edilib.

Aktual.ge xəbər verir ki, qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Taraşvili qəbul edib.

Hakimin hökmünə əsasən, Qriqol Lilu­aşvili ona qarşı irəli sürülmüş ittihamın hər 4 epizodu üzrə təqsirli bilinib. Bunlar uşaq bağçaları agentliyi, dələduzluqla məşğul olan “çağrı mərkəzləri” və iqtisadiyyat nazirinin müavini Romeo Mixa­utadzenin vasitəsilə rüşvət alma ilə bağlı 2 epizoddur.

Daha konkret olaraq, Qriqol Lilu­aşvili uşaq bağçalarının idarə edilməsi agentliyinin həmin dövrdəki rəhbəri Kaxaber Qvantseladze və agentliyin müxtəlif vəzifələrində çalışan şəxslərin törətdiyi cinayət əməllərini himayə etməkdə ittiham olunurdu. İttihama görə, onlar vəsaitləri sözdə “otkat” (qanunsuz geriödəmə) formasında alırdılar. Bu əməllərin himayə olunması müqabilində isə rüşvətin bir hissəsini Qriqol Lilu­aşviliyə şəxsən Kaxaber Qvantseladze çatdırırdı.

Qriqol Lilu­aşvili həmçinin dələduzluqla məşğul olan “çağrı mərkəzlərini” himayə etməkdə ittiham olunurdu. İttihama görə, onun yaxın adamı Andria Lilu­aşvili “çağrı mərkəzlərinin” fəaliyyətində birbaşa iştirak edib.

DTX-nin keçmiş rəhbərinə həmçinin Romeo Mixa­utadzenin vasitəsilə rüşvət alma ilə bağlı iki epizod üzrə ittiham irəli sürülmüşdü.

Qriqol Lilu­aşvili ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. O, bu gün keçirilən məhkəmə prosesində son söz hüququndan istifadə edib.

DTX-nin keçmiş rəhbərinə qarşı digər şahidlərlə yanaşı, iqtisadiyyat nazirinin keçmiş müavini Romeo Mixa­utadze də ifadə verib.

Məlumat üçün bildirək ki, Baş Prokurorluqda dindirilməyə gələn Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Lilu­aşvili dekabrın 23-də saxlanılıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 2-ci hissəsinin “q” bəndi və 3-cü hissəsinin “e” bəndi ilə ittiham olunur. Bu maddələr qabaqcadan razılaşmış qrup tərəfindən xüsusilə külli miqdarda rüşvət alınmasını nəzərdə tutur və 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edir.

ŞƏRH YAZ
0