"Sürətli iqtisadi artımın, həmçinin səmərəli idarəetmə siyasətinin sayəsində, lari kursu çox tezliklə ilkin səviyyəsinə qayıtdı, buna görə xüsusilə Gürcüstan Milli Bankına və Natia Turnavaya təşəkkür edirəm".
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bu gün keçirilən iclasında deyib.
"İqtisadiyyat üçün milli valyutanın sabitliyi çox vacibdir" , - deyən hökumət başçısı sözlərinə belə davam edib:
"Bildiyiniz kimi, biz müəyyən bir dövr ərzində qısamüddətli dalğalanma yaşadıq, bu barədə müxalifətimiz böyük ümidlər bəsləyirdi, lakin sürətli iqtisadi artım sayəsində, həmçinin səmərəli idarəetmə siyasəti sayəsində, lari kursu çox tezliklə praktiki olaraq ilkin səviyyəsinə qayıtdı, buna görə xüsusilə Gürcüstan Milli Bankına, şəxsən Natia Turnavaya təşəkkür etmək istəyirəm, o bu prosesi səmərəli idarə etdi və nəticədə milli valyutanın sabitliyini təmin etdi.
Hamınız xatırlayırsınız, vaxtilə müxalifət və onların himayədarları, dostları Gürcüstan Milli Bankını öz kadrları ilə tamamlamağa çalışırdılar. Bugünkü vəziyyətdə Milli Bankın məhz müxalifətin kadrları ilə tam şəkildə formalaşdırıldığını təsəvvür etmək belə istəmirəm. Biz bu cür prosesləri keçmiş illərdən xatırlayırıq və buna təkrar yol verə bilməzdik. Sürətli iqtisadi artımımız var, ilkin məlumatlara görə, iyunda da yüksək artım göstəricisi qeydə alınacaq. Çox yaxşı meyillərimiz var, çox yaxşı turizm mövsümü gözləyirik. Mövcud ilk iki rübün məlumatları yaxşı və ümidvericidir. Belə şəraitdə hər cür şərt var ki, bu il keçən ildən daha yaxşı iqtisadi göstəricilər qeydə alınsın".