Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Şöbəsinin əməkdaşları qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə iki nəfəri saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
İstintaqın məlumatına görə, kriminal avtoritet Elmuraz Məmmədov 'oğru aləmi'nin adından Qardabanidə yaşayan fermerdən 200 min ABŞ dolları tələb edib və ödəniş üçün üçgünlük müddət müəyyənləşdirib. Əks halda, fermerin ailə üzvlərinə fiziki zor tətbiq edəcəyi və həyatlarına qəsd edəcəyi ilə hədələyib. Müddət başa çatdıqdan sonra fermerin ailəsinə məxsus avtomobillə hərəkət edən oğlu naməlum şəxslər tərəfindən odlu silahdan atəşə tutulub, lakin nəticədə xəsarət alan olmayıb".
Polisin məlumatına görə, cinayəti törədən şəxslərin kimliyi müəyyən edilib, onlardan ikisi saxlanılıb, hadisə ilə əlaqədar daha bir nəfər isə axtarışa verilib.
Məlumata əsasən, bu cinayətə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“İstintaqla müəyyən edilib ki, cari ilin oktyabr ayında əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş, 'qırmızı bülletenlə' axtarılan və hazırda xaricdə yaşayan kriminal avtoritet Elmuraz Mamedov Qardabani bələdiyyəsinin bir kəndində yaşayan fermer S.A. ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb və 'oğru aləmi'nin adından ondan 200 min ABŞ dolları tələb edib. Elmuraz Məmmədov fermerə pulu ödəmək üçün üçgünlük müddət verib, əks halda ailə üzvlərini fiziki cəza və ölüm ilə hədələyib.
Üç gün keçdikdən sonra həmin kənddə S.A.-nın ailəsinə məxsus avtomobillə hərəkət edən oğlu naməlum şəxslər tərəfindən odlu silahdan atəşə tutulub, lakin nəticədə xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanları cinayəti törədən şəxslərin kimliyini isti izlərlə müəyyən edib – polis 1994-cü il təvəllüdlü T.X. və əvvəllər məhkum olunmuş, 2001-ci il təvəllüdlü N.İ.-ni təqsirləndirilən şəxs qismində saxlayıb. Həmçinin bu cinayətlə əlaqədar daha bir şəxs – 1985-ci il təvəllüdlü Ş.M. barəsində axtarış elan olunub.
İstintaq Cinayət Məcəlləsinin 19-108 və 236-cı maddələri üzrə davam etdirilir”, – məlumatda qeyd olunub.