Müxalif "Droa" partiyası Marneuli Mərkəzi Hz. İmam Əli (ə) Məscidində Məhərrəm ayı ilə bağlı keçirilən matəm məclisində İranın sabiq ali dini lideri Seyid Ayətullah Əli Xameneinin böyük posterinin yer alması ilə bağlı bəyanat verib.
Aktual.ge sözügedən partiyanın bəyanatını olduğu kimi təqdim edir:
"Kvemo Kartli bölgəsində İranın terrorçu rejiminin siyasi, ideoloji və operativ təsiri, habelə İran şəbəkəsinin genişlənmə tendensiyası həyəcan verici həddə çatır; İvanişvili rejimi buna tamamilə şüurlu şəkildə şərait yaradır.
Dünən Marneulidə çəkilmiş görüntüləri gördük; orada İranın terrorçu rejiminin rəmzlərindən biri olan Ayətullah Əli Xameneinin 'Onun müqəddəsliyi Ayətullah Xamenei, dünyanın məzlumlarının lideri və azadlığın səsi' yazısı olan plakatı görünür. Videoda plakatın qarşısında dini ritual icra edən gəncləri görürük. Eyni vəziyyət Tbilisidən 10-15 kilometr aralıda yerləşən Qardabanidə də yaşanır.
Kvemo Kartli bölgəsində Gürcüstan vətəndaşlarının, o cümlədən uşaqların və gənclərin beyinlərinin yuyulması (indoktrinasiya), radikallaşdırılması və cəlb olunması üzrə yüksək səviyyədə qurulmuş bir sxem fəaliyyət göstərir və bunun arxasında İranın terrorçu rejimi dayanır. Bütün bunlara isə Gürcüstanın qeyri-legitim hakimiyyəti dəstək verir.
'Gürcü Arzusu'nun İranla əlaqələri təkcə Kobaxidzenin Tehrana səfəri zamanı 'Hizbullah' və 'Həmas' terrorçuları ilə birlikdə oturub 'Amerikaya ölüm, İsrailə ölüm!' şüarlarının eşidildiyi zalda olmasından ibarət deyil. İvanişvilinin bu istiqamətdə törətdiyi əsas cinayət İranın terrorçu rejiminin şəbəkəsi üçün 'istixana şəraiti' yaratmasıdır ki, bu da qısa və ya uzunmüddətli perspektivdə Gürcüstanın milli təhlükəsizliyi, sabitliyi və sülhü üçün risklər yaradır.
İranın Gürcüstandakı artan təsiri, birbaşa və ani təhlükələrlə yanaşı, ABŞ ilə strateji tərəfdaşlığımızı da mümkünsüz edir; bu, Dövlət Departamentinin nümayəndə heyətinin Tbilisiyə səfərindən sonra yayılan bəyanatda da qeyd olunub. Bəyanata əsasən, ABŞ-Gürcüstan münasibətlərinin normallaşmasının əsas şərtlərindən biri ölkənin zərərli xarici təsirlərdən azad edilməsidir. Burada Rusiya, Çin və İranın zərərli təsir şəbəkələrinin neytrallaşdırılması nəzərdə tutulur.
Çıxış yolu yalnız 'Gürcü Arzusu' rejiminin dəyişdirilməsindədir. Dövlət təhlükəsizliyi aparatının vəzifəsi ölkə qarşısında duran real çağırışların, risklərin və təhlükələrin təhlili və onlarla mübarizə aparmaq deyil, siyasi cəhətdən qəbuledilməz olan insanların təqib edilməsi olan bu xain rejimin dəyişdirilməsində".