Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun məhkəmə prosesi təxirə salınıb.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, Bolnisi Rayon Məhkəməsində iyunun 19-da keçirilməsi planlaşdırılan proses təxirə salınıb.
Məlumata əsasən, növbəti məhkəmə iclası iyulun 3-də saat 14:00-da keçiriləcək.
Qeyd edək ki, 100 min lari girov təklif edilməsinə baxmayaraq, aprelin 8-də Marneuli Magistr Məhkəməsinin hakimi Qvança Çikovani Kənan İsmayılov barəsində həbs qətimkan tədbiri seçib. Növbəti məhkəmə iclası isə Bolnisi Rayon Məhkəməsində iyunun 19-na təyin edilmişdi.
Nə baş vermişdi?
Hadisə ilə bağlı ilk məlumatı aprelin 6-da hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. O bildirib ki, distributordan biri çörəyin qiymətini artırmadığı üçün Marneuli meri Daur İsmayılovun qardaşı və onun ətrafındakı şəxslər tərəfindən amansızcasına döyülüb.
Hadisədən sonra Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yerli mediaya Kənan İsmayılovun saxlanıldığını və faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi (zorakılıq) ilə istintaq başladıldığını açıqlayıb.
Aprelin 8-də isə Gürcüstan Baş Prokurorluğu hadisə ilə bağlı istintaqın Cinayət Məcəlləsinin 120-ci maddəsinin ikinci hissəsi - qrup halında sağlamlığa qəsdən yüngül zərər vurma maddəsi ilə davam etdirildiyini bildirib.