Gürcüstanda əhali sayı artıb: Artımın 57%-i əcnəbilərin payına düşür
Bugün
169
Maraqlı
A
Gürcüstanda əhali sayı artıb: Artımın 57%-i əcnəbilərin payına düşür

"Gürcüstan əhalisinin sayı artıb, lakin ümumi artımın 57%-i digər ölkələrin vətəndaşlarının payına düşür".

Aktual.ge xəbər verir ki, bu barədə statistik Soso Arçvadze əhalinin siyahıyaalınmasının nəticələrindən danışarkən bildirib.

Məlumat üçün bildirək ki, Milli Statistika Xidməti ("Saksat") bir neçə gün əvvəl 2024-cü ilin əhalinin siyahıyaalınmasının nəticələrini dərc edib.

Yenilənmiş nəticələrinə görə, 2024-cü il noyabrın 14-nə olan məlumata əsasən, Gürcüstan əhalisinin sayı 3 milyon 929 min 581 nəfər təşkil edib ki, bu da 2014-cü ilin siyahıyaalınma məlumatları ilə (3 milyon 713 min 804 nəfər) müqayisədə 5,8%, yəni 215 min 777 nəfər çoxdur.

"Saksat"ın məlumatına görə, Gürcüstan əhalisinin 52%-i, yəni 2 milyon 480 min 577 nəfəri qadın, 48%-i, yəni 1 milyon 881 min 40 nəfəri isə kişidir.

2024-cü ilin siyahıyaalınmasının nəticələri onu da göstərib ki, on il ərzində şəhər tipli yaşayış məntəqələrində əhalinin sayı əhəmiyyətli dərəcədə – 15,7% artıb, kənd yerlərində isə azalma müşahidə olunur: 2014-2024-cü illərdə bu azalma 7,4% təşkil edib ki, bu da kəmiyyət baxımından 111 mindən çox insan deməkdir.

Daha dəqiq desək, 2024-cü ilin noyabr ayına olan məlumata görə, Gürcüstanın 4 milyona yaxın əhalisinin 62%-i, yəni 2 milyon 442 min 231 nəfəri şəhərlərdə, 38%-i, yəni 1 milyon 487 min 350 nəfəri isə kənd tipli yaşayış məntəqələrində yaşayır.

"Bir tərəfdən, gözardı edilməməsi lazım olan uğurlarımız var.

İlk növbədə, bu, əhali sayının artmasıdır; orta ömür uzunluğu artıb, pravoslavların ümumi sayı çoxalıb, gürcü dilinin ana dili olduğu insanların sayı da artıb və bu kontingent gürcülərin sayını təxminən 40 min nəfər üstələyir. Bu o deməkdir ki, gürcü dili bir çox digər qeyri-gürcülər üçün də doğma, ünsiyyət dilinə çevrilib. Lakin problemlərimiz də var və biz bu problemləri yalnız əhalinin siyahıyaalınmasına görə deyil, həm də cari statistika vasitəsilə görməliyik.

Əhalinin sayı artıb, lakin qeyd etmək lazımdır ki, bütün artımın yalnız 43%-i Gürcüstan vətəndaşlarının payına düşür. Qalan 57% isə Gürcüstanda olan digər ölkələrin vətəndaşlarına aiddir", - deyə Soso Arçvadze qeyd edib.

Onun sözlərinə görə, əvvəlki siyahıyaalınma ilə müqayisədə Gürcüstan vətəndaşlarının say artımı birinci yerdə deyil və onları digər millətlər qabaqlayır.

"Əvvəlki siyahıyaalınma ilə müqayisədə, məsələn, Hindistan vətəndaşlarının sayı 55 dəfə, ərəb ölkələrindən gələnlərin sayı 22 dəfə, İsrail vətəndaşlarının sayı isə təxminən 15 dəfə artıb.

Gürcüstan vətəndaşlarının say artımı özü birincilikdə deyil, məsələn, Azərbaycan vətəndaşlarının sayı daha sürətlə artıb. Bu da bir faktdır", - deyə statistik bildirib.

Mənbə: BPN

ŞƏRH YAZ
0