Gürcüstanda ölüm göstəricisi artıb.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin ("Saksat") dərc etdiyi məlumatlarda qeyd olunub.
"Saksat"ın məlumatına əsasən, 2025-ci ildə Gürcüstanda 44 min 319 nəfər vəfat edib ki, bu da 2024-cü ilin göstəricisindən 348 vahid (0,8%) çoxdur.
Bununla yanaşı, rəsmi məlumatlara görə, ölüm səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri və xərcəng üstünlük təşkil edir. Belə ki, vəfat edənlərin müvafiq olaraq 37,7%-i və 15,5%-i bu səbəblərdən dünyasını dəyişib.
"Vəfat edənlərin sayının ölüm səbəblərinin əsas sinifləri üzrə faiz bölgüsü müxtəlif yaş qrupları üçün fərqlidir.
5 yaşına qədər olan uşaqlar arasında perinatal dövrdə yaranan pozuntular üstünlük təşkil edir. 5-39 yaş arası şəxslərdə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri üstünlük təşkil edir, çünki bu yaş qrupunda bədbəxt hadisələrin ehtimalı nisbətən yüksəkdir. 40 yaş və ondan yuxarı əhali arasında isə 2025-ci ildə ölüm səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri və şişlər üstünlük təşkil edir", - məlumatda qeyd olunub.
"Saksat" 2025-ci ildə ölümün ilk 7 əsas səbəbi üzrə vəfat edənlərin sayı aşağıdakı kimidir:
- Qan dövranı sistemi xəstəlikləri – 16 711 nəfər;
- Klinik və laborator müayinələrlə aşkarlanan, lakin digər rubrikalara daxil edilməyən simptomlar, əlamətlər və normadan kənaraçıxmalar – 9 389 nəfər;
- Xərcəng – 6 877 nəfər;
- Tənəffüs sistemi xəstəlikləri – 3 533 nəfər;
- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri – 1 973 nəfər;
- Həzm sistemi xəstəlikləri – 1 521 nəfər;
- Endokrin sistem, qidalanma və maddələr mübadiləsi pozğunluqları ilə bağlı xəstəliklər – 1 024 nəfər.