"İqlim dəyişikliyi şəraitində dəqiq proqnoz vermək çətindir, lakin yayımızın isti keçəcəyini gözləməliyik".
Aktual.ge xəbər verir ki, bu barədə ətraf mühitin mühafizəsi üzrə ekspert Mamuka Qvilava "Radio Palitra"nın efirində bildirib.
Onun sözlərinə görə, hazırda Gürcüstanın müxtəlif bölgələrində havanın nisbətən sərin olmasına baxmayaraq, qarşıdakı dövrdə havanın temperaturu arta bilər və iyul-avqust ayları isti keçə bilər.
"Yayımız isti olmasa belə, çox isti keçəcək. Mən Gürcüstanda başqa cür yay xatırlamıram, lakin iqlim dəyişikliyi şəraitində dəqiq proqnoz vermək çətindir, buna baxmayaraq, yayımızın isti olacağını gözləməliyik. Bu, artıq hiss olunur da – sərinlik bitən kimi dərhal istilik hiss olunmağa başlayır.
Avropada vəziyyət mürəkkəbdir, sanki yüksək temperaturlar bir anlıq səngimişdi, amma indi yenidən başlayıb. Fransada temperatur 40 dərəcəyə çatıb ki, bu da həmin dövr üçün qeyri-adi bir temperaturdur.
Bu il bəlkə bəxtimiz gətirdi və bu qədər dramatik temperaturlar olmadı, lakin bilirsiniz ki, bir neçə həftədən artıq proqnoz vermək mümkün deyil. Ola bilər ki, qlobal şərait dəyişsin və bizdə də iyul-avqust aylarında eyni istilik dalğaları olsun. Mən daha çox isti hava şəraitinin gözlənildiyini deyərdim", - deyə ekspert qeyd edib.
"Kondisionerlər çıxış yolu deyil"
O, həmçinin yayda sərinləmə yollarından danışaraq qeyd edib ki, kondisionerlər çıxış yolu deyil, çünki onlar çox miqdarda elektrik enerjisi istehlak edir və otağı soyudarkən istilik dalğalarını ətraf mühitə buraxır, bu da şəhər tipli yaşayış məntəqələrində temperaturun artmasına səbəb olur.
"Kondisioner binanı soyudarkən istiliyi ətraf mühitə çıxarır; şəhərlərdə temperaturun kənd yerlərinə nisbətən daha yüksək olmasının səbəblərindən biri də budur. Kondisionerlər çıxış yolu deyil. Xüsusilə də ciddi miqdarda elektrik enerjisi istehlak etdiyini nəzərə alsaq, təxminən qızdırıcının gücü qədər. Kondisioner o halda çıxış yolu ola bilər ki, damınızda günəş enerjisi olsun.
Soyuducu bizə mütləq lazımdır, onsuz keçinə bilmərik. Kondisionersiz keçinə bilərik, amma rahat yaşamaq istəyiriksə, kondisioner ala bilərik, lakin bununla yanaşı, mütləq ətraf mühitin qeydinə qalmalı və evdə ən azı 1 kVt günəş enerjisi istehsal etməliyik", - deyə Mamuka Qvilava söyləyib.