Gürcüstanda çirkli pulların yuyulması ilə bağlı transmilli cinayət şəbəkəsi ifşa edilib
Bugün
245
Siyasət
A
Gürcüstanda çirkli pulların yuyulması ilə bağlı transmilli cinayət şəbəkəsi ifşa edilib

Gürcüstan Prokurorluğu transmilli cinayət faktlarını ifşa edərək xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamı ilə 4 xarici ölkə vətəndaşı və 5 hüquqi şəxs barəsində cinayət təqibinə başlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən brifinqdə İstintaq İdarəsi rəisinin müavini Beka Kvitsiani məlumat verib.

Onun sözlərinə görə, Baş Prokurorluğun İstintaq İdarəsinin apardığı araşdırmalar nəticəsində müəyyən olunub ki, təqsirləndirilən şəxslər maddi gəlir əldə etmək məqsədilə müxtəlif ölkələrdə cinayətlər törədib, daha sonra isə qanunsuz yolla əldə etdikləri vəsaitləri leqallaşdırmaq üçün aktivləri Gürcüstana köçürüblər.

İstintaqın məlumatına əsasən, onlar pul yumaq məqsədilə Gürcüstanda real sahibkarlıq fəaliyyəti göstərmək niyyəti olmadan bir sıra şirkətlər təsis ediblər. Saxta sənədlər və uydurma ödəniş təyinatlarından istifadə etməklə xaricdən fiziki və hüquqi şəxslərin bank hesablarına ümumilikdə 21,5 milyon lari ekvivalentində müxtəlif valyutalarda qanunsuz mənşəli vəsait köçürüblər.

Bildirilib ki, Gürcüstan bank hesablarında toplanan vəsaitin yalnız kiçik bir hissəsi saxta sənədlər əsasında yenidən xaricdəki müxtəlif bank hesablarına köçürülüb. Qanunsuz aktivlərin əsas hissəsinə isə istintaq çərçivəsində həbs qoyularaq dondurulub.

Prokurorluq təqsirləndirilən şəxslərə qarşı xüsusilə külli miqdarda cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması maddəsi ilə cinayət təqibinə başlayıb.

Qanunvericiliyə əsasən, bu cinayət əməlini törətmiş fiziki şəxsləri 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Hüquqi şəxslər barəsində isə ləğvetmə, müəyyən fəaliyyət növləri ilə məşğul olmaq hüququndan məhrumetmə və cərimə sanksiyaları tətbiq oluna bilər.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək. Məhkəmə həbs qərarı çıxardığı təqdirdə onlar beynəlxalq axtarışa veriləcəklər.

Bundan əlavə, istintaq çərçivəsində üzərinə həbs qoyulmuş təxminən 14 milyon lari ekvivalentində xarici valyutanın və 1 milyon laridən artıq dəyəri olan daşınmaz əmlakın dövlətin xeyrinə müsadirə edilməsi üçün müvafiq hüquqi prosedurlar həyata keçiriləcək.

ŞƏRH YAZ
1