Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Kutaisi əvvəldən təhsil, elm və mədəniyyətin əsas mərkəzlərindən biri olub, yeni texnoloji habın açılması ilə isə şəhər Gürcüstanın texnoloji inkişafının əsas mərkəzlərindən birinə çevrilir.
Aktual.ge xəbər verir ki, yeni texnoloji habda ölkənin ən böyük texnoparkı, interaktiv elm və texnologiya muzeyi, TUMO beynəlxalq texnologiya məktəbi, süni intellekt üzrə hesablama mərkəzi, startap məkanları və robototexnika, elektronika, dronlar, süni intellekt və virtual reallıq üzrə müasir laboratoriyalar fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, Kutaisi Beynəlxalq Univeristeti də bu ekosistemin mühüm hissəsi olacaq. Universitetin elmi və akademik bazası texnoloji habın təkcə təhsil və iş məkanı deyil, həm də tədqiqat, yeni bilik və yüksək texnologiyalı məhsulların yaradılması mərkəzinə çevrilməsinə imkan verəcək.
Baş nazir həmçinin vurğulayıb ki, texnoloji inkişaf üçün rəqəmsal imkanlarla yanaşı, fiziki əlaqələndirmə də vacibdir. Kutaisi Beynəlxalq Aeroportunun mövcudluğu şəhərin yalnız Gürcüstan daxilində deyil, region miqyasında əhəmiyyətli texnoloji mərkəzə çevrilməsinə kömək edəcək.
O qeyd edib ki, müasir texnoloji infrastruktur, güclü universitet və beynəlxalq əlaqələr Kutaisiyə biliyi innovasiyaya, innovasiyanı biznesə, biznesi isə yeni iş yerlərinə və iqtisadi artıma çevirmək üçün unikal imkan yaradır. Baş nazir layihənin həyata keçirilməsində iştirak edən bütün şəxslərə və qurumlara təşəkkür edib və onları təbrik edib.