Kaxetidə oğul atasını küt əşya ilə öldürüb, izləri gizlətmək məqsədilə isə meyiti yaşayış evinin həyətində basdırıb.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, şübhəli şəxs saxlanılıb.
"Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları ağırlaşdırıcı hallarda ailə üzvünü qəsdən öldürməkdə ittiham olunan bir şəxsi saxlayıblar.
İstintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində küt əşyadan istifadə edərək atasına xəsarətlər yetirib və nəticədə kişi hadisə yerində dünyasını dəyişib. Həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs izləri gizlətmək məqsədilə meyiti yaşayış evinin həyətində basdırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi isti izlərlə saxlayıblar. Polis cinayətin törədilməsində istifadə olunan aləti maddi sübut kimi götürüb.
İstintaq Cinayət Məcəlləsinin 11-ci prim 109-cu maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur“, - deyə məlumatda bildirilir.