EKSKLÜZİV: SOCAR-dan
03.08.2026 10:42
1658
Siyasət
A
EKSKLÜZİV: SOCAR-dan "Mamed Gas"a rəsmi məktub | Sürpriz TƏKLİF

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində təbii qaz təchizatının davam etdirilməsi ilə bağlı "SOCAR Georgia Gas" lisenziyası ləğv edilmiş "Mamed Gas" şirkətinin rəhbərliyinə rəsmi məktub ünvanlayaraq, qazpaylayıcı şəbəkənin (boru xətlərinin) icarəyə götürülməsini və əməkdaşlıq şərtlərinin təqdim edilməsini təklif edib.

Aktual.ge-nin verdiyi xəbərə görə, bu barədə "SOCAR Georgia Gas" şirkətinin "Mamed Gas"ın prezidenti Nəriman Allahverdiyevə ünvanladığı məktubda qeyd olunub.

Aktual.ge xəbər portalı həmin məktubun surətini əldə edib və onu eksklüziv olaraq oxucularına təqdim edir:

"Hörmətli cənab Nəriman,

Sizə məlum olduğu kimi, Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyasının 30 iyul 2026-cı il tarixli №47/2 qərarı ilə rəhbərlik etdiyiniz müəssisənin təbii qazın paylanması üzrə lisenziyası ləğv edilmiş, eyni zamanda Marneuli bələdiyyəsinin Qızılhacılı kəndinin abonentlərinə fasiləsiz və təhlükəsiz qaz təchizatının təmin edilməsi vəzifəsi 'SOCAR Georgia Gas' MMC-yə həvalə edilmişdir.

Qərarla üzərimizə qoyulmuş öhdəliyin icrası məqsədilə abonentlərin təbii qazla təchizatı sizin müəssisənizin mülkiyyətində olan qazpaylayıcı şəbəkə vasitəsilə həyata keçirilməlidir. Tənzimləyici Komissiyanın qərarı ictimai elan olunduğu andan qüvvəyə mindiyindən və Qızılhacılı sakinlərinin marağı fasiləsiz təbii qazla təmin olunmaq olduğundan, şirkətimiz təbii qazın verilməsinə dərhal başlayır.

Qaz təchizatının həyata keçirilməsi üçün sizə məxsus qazpaylayıcı şəbəkədən istifadə olunacaqdır və yüksək ictimai maraq nəzərə alınmaqla, qanun sizə bu istifadəyə dözümlülük göstərmək öhdəliyi qoyur. Bununla yanaşı, qanunla nəzərdə tutulmuş bu dözümlülük ədalətli kompensasiya ilə təmin edilməlidir.

Bu səbəbdən sizə təbii qazın paylayıcı şəbəkəsinin icarəsinə dair müqavilə bağlamağı təklif edirik.

Yuxarıda göstərilənləri nəzərə alaraq, xahiş edirik, müqavilənin bağlanması üçün təklif etdiyiniz şərtləri bizə bildirəsiniz. Həmin şərtlər sahəni tənzimləyən qanunvericilikdə müəyyən edilmiş meyarlara uyğun olmalıdır. Şirkətimiz sizin təklifinizi nəzərdən keçirməyə hazırdır.

Həmçinin bildiririk ki, cavabınız şirkətimizin gələcək investisiya planlarının müəyyən edilməsi və həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır" , - 'SOCAR Georgia Gas'ın direktoru Mariam Valişvilinin "Mamed Gas"ın prezidenti Nəriman Allahverdiyevə ünvanladığı məktubda deyilir.

Nələr baş verib ? 

Bu ilin iyunun 9-dan 12-dək Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində və 26 May küçəsinin bir hissəsində təbii qazın verilişi dayandırılıb. Təbii qaz paylayıcısı “Mamed Gas” abonentlərə göndərdiyi qısa SMS vasitəsilə qaz təchizatının SOCAR tərəfindən dayandırıldığını bildirib.

Bundan qısa müddət sonra “SOCAR Gas Export-Import” məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub:

“2020-ci ildən bu günədək ‘Mamed’ MMC üçün sosial qazın qiyməti dörd dəfə dəyişib və hər dəfə şirkət yeni qiyməti öz istəyi ilə şərh edib. Bəzi hallarda şirkət dəyişən tarifi qəbul edib, bəzi hallarda isə uzun müddət ərzində yeni tarifi birtərəfli qaydada rədd edərək bütün ödənişləri 2020-ci ilin köhnə tarifi əsasında həyata keçirib. Nəticədə ‘Mamed’ MMC-nin ödənilməmiş qaz borcu əhəmiyyətli dərəcədə artıb”.

İyunun 11-də Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) də məsələ ilə bağlı açıqlama verərək “Mamed Gas”ın SOCAR qarşısında 600 min laridən çox borcunun yarandığını bildirib. Həmin gün SEMEK Qızılhacılı kəndi və 26 May küçəsində qaz təchizatının bərpası ilə bağlı SOCAR-a müraciət edib.

Müraciətdən sonra iyunun 12-də Qızılhacılı kəndinə təbii qazın verilişi bərpa olunub.

“Mamed Gas” şirkətinin prezidenti Nəriman Allahverdiyev isə həm mediaya açıqlamalarında, həm də Qızılhacılı kəndində keçirdiyi ictimai görüşlərdə SEMEK və SOCAR-ın onun rəhbərlik etdiyi şirkəti ələ keçirməkdə ittiham edib.

ŞƏRH YAZ
2