Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları külli miqdarda dələduzluq və saxtakarlıq faktı ilə bağlı, məhkəmə qərarı əsasında iki nəfəri saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Bildirilib ki, söhbət Marneuli və Kareli bələdiyyələrinin uşaq bağçalarına mal əti əvəzinə aldadıcı yolla at ətinin çatdırılması faktlarından gedir.
"İstintaqla müəyyən edilib ki, 'B.G.M.1' və 'Gürcü Ət Məhsulları Ferması' şirkətləri Marneuli və Kareli bələdiyyələrinin uşaq bağçaları birliyinin elan etdiyi tenderlərin qalibi olublar. Həmin tenderlər çərçivəsində onlar uşaq bağçalarını mal əti ilə təmin etməli idilər. Lakin bu kommersiya təşkilatlarının direktorları 2026-cı ilin may ayında uşaq bağçalarına mal əti əvəzinə aldadıcı şəkildə at əti çatdırıblar və nəticədə dövlət büdcəsinə məxsus külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəyiblər.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin 'b' bəndi (külli miqdarda dələduzluq), həmçinin 197-ci maddəsinin 1-ci hissəsi (saxtakarlıq) üzrə aparılır. Bu cinayətlərə görə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur" , - məlumatda deyilir.