Sentyabrın 1-dən məktəb formalarının satışı başlayacaq - həm pərakəndə, həm də onlayn satış imkanı olacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda banklarla müqavilələrin imzalanması prosesi gedir və həmin banklar güzəştli şərtlərlə bağlı müəyyən təkliflər təqdim edəcəklər.
“Sentyabrın 1-dən formaların satışı başlayacaq. Növbəti 2-3 həftə ərzində ictimaiyyət formaların satışı ilə bağlı proses barədə ətraflı məlumatlandırılacaq. Həm pərakəndə, həm də onlayn satış rejimi olacaq. Bunun üçün hər kəs üçün əlçatan olacaq xüsusi platforma hazırlanıb.
Biz hazırda banklarla müqavilələrin imzalanması mərhələsindəyik. Bankların güzəştli şərtlərlə bağlı müəyyən təklifləri var və bu barədə də ictimaiyyət məlumatlandırılacaq. Məsələn, konkret bankın kartı ilə alış zamanı bankın alıcı üçün hansı güzəştləri nəzərdə tuta biləcəyi açıqlanacaq”, - deyə o, qeyd edib.