“Bu yaxınlara qədər sabiq prezident Salome Zurabişvilini 'qeyd-şərtsiz lider' və 'gürcü xalqının xilaskarı' kimi təqdim edən 'müxalifətçilərin' indiki coşqusunu anlaya bilmirəm”.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial mediada yazıb.
Onun sözlərinə görə, Haaqa məhkəməsi Rusiya-Gürcüstan müharibəsi zamanı Gürcüstan tərəfinin müharibə qanunlarını pozmadığını sübut edib:
“Bu yaxınlara qədər bu biabırçı qadını - Gürcüstanın əsl düşmənini 'qeyd-şərtsiz lider' və 'gürcü xalqının xilaskarı' adlandıran və onu mədh edən 'müxalifətçilərin' coşqusu çox anlaşılmazdır. İkiüzlülüyün də bir həddi var, hər kəs öz içinə baxmalıdır.
Haaqa Beynəlxalq Cinayətlər Məhkəməsi isə çoxdan 'Gürcü Arzusu'nun, rusların və onların təyin etdiyi Salomenin yalanını ifşa edib. Məhkəmə açıq şəkildə qeyd edib ki, Gürcüstan tərəfi müharibə qanunlarını pozmayıb. Xainlərin bizi günahlandırdığı günahsız əhalinin bombalanması isə məhz müharibə cinayətidir”.
Saakaşvili paylaşımında Salome Zurabişvilinin keçmişdə verdiyi açıqlamadan belə bir sitat da gətirib: 'Biz öz əhalimizi bombaladıq. Bəs indi necə ərazi bütövlüyü istəyimizi deyə bilərik?'.