Baş nazir İrakli Kobaxidze məktəb şagirdlərinin ümumtəhsil müəssisələrinin dərslikləri ilə pulsuz təmin edilməsi məqsədilə hədəf proqramı təsdiqləyib.
Aktual.ge x əbər verir ki, müvafiq hüquqi akt artıq dərc olunub.
“Ümumtəhsil müəssisələrinin dərslikləri ilə proqramın benefisiarlarının pulsuz təmin edilməsi hər il nazirliyə ayrılan müvafiq ilin dövlət büdcəsi vəsaitləri hesabına həyata keçiriləcək.
Proqram çərçivəsində məktəb dərslikləri aşağıdakı şəxslərə pulsuz veriləcək:
a) Dövlət məktəblərinin şagird və müəllimlərinə (nazirlik tərəfindən müəyyən edilmiş fənn və siniflər üzrə);
b) Özəl məktəblərdə təhsil alan və sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyatda olan, ailələrinin reytinq balı hər il martın 1-nə olan vəziyyətə görə 70 001 baldan aşağı olan şagirdlərə;
c) Axalgori bələdiyyəsinin işğal olunmuş ərazilərində yerləşən, tədrisin gürcü dilində aparıldığı məktəblərin şagird və müəllimlərinə (nazirlik tərəfindən müəyyən edilmiş fənn və siniflər üzrə);
d) İşğal olunmuş Qali rayonunun İnqur çayına bitişik ərazidə yerləşən 9 məktəbin şagird və müəllimlərinə (nazirlik tərəfindən müəyyən edilmiş fənn və siniflər üzrə), həmçinin işğal olunmuş Qali rayonunun müharibədən əvvəlki sərhədləri daxilində bərpa edilmiş və fəaliyyət göstərən məktəblərin I sinif şagird və müəllimlərinə (nazirlik tərəfindən müəyyən edilmiş fənn və siniflər üzrə). II–XI sinif şagird və müəllimlərinə isə gürcü dili və ədəbiyyatı, Gürcüstan tarixi və Gürcüstan coğrafiyası dərslikləri (nazirlik tərəfindən müəyyən edilmiş fənn və siniflər üzrə);
e) Özəl məktəblərin I sinif şagirdlərinə (yalnız 'Ana dili' dərslikləri);
f) 2008-ci ilin avqust müharibəsində həlak olmuş hərbçilərin övladları olan özəl məktəb şagirdlərinə;
g) Nazirliyə və nazirlik sisteminə daxil olan publik hüquqi şəxslərə – müraciət əsasında”, - deyə sənəddə qeyd edilib.