Sürücülərin avtomobillərində “alkoqol kilidləmə cihazlarının” quraşdırılması məcburi ola bilər. Bu cihazlar sürücü alkoqol sərxoşluğu vəziyyətində olduqda avtomobilin mühərrikini işə salmağa imkan verməyəcək.
Aktual.ge xəbər verir ki, texnoloji yeniliyin tətbiqi hökumət tərəfindən təsdiqlənmiş 2026–2030-cu illər üzrə Yol Təhlükəsizliyi Milli Strategiyasında nəzərdə tutulub.
Sənəddə vurğulanır ki, profilaktik və hüquq pozuntusu törədən şəxslərə yönəlmiş tədbirlər davam etdiriləcək. Bu tədbirlər sərxoş vəziyyətdə olan sürücülərin effektiv şəkildə aşkarlanmasını, onlara qarşı müvafiq hüquqi tədbirlərin görülməsini və sürücülərin maarifləndirilməsini təmin edəcək.
“Xüsusi diqqət narkotik sərxoşluğu vəziyyətində avtomobil idarə edilməsi ilə bağlı hüquq pozuntularının aşkarlanması imkanlarının gücləndirilməsinə yönəldiləcək. Buraya ölkə üzrə narkotik vasitələrin aşkarlanması üçün xüsusi texniki vasitələrin mərhələli şəkildə tətbiq edilməsi, həmçinin bu vəziyyətdə olan sürücülərin müəyyənləşdirilməsi imkanlarının təkmilləşdirilməsi məqsədilə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşlarının yenidən hazırlanması daxildir.
Bununla yanaşı, avtomobillərdə sözdə 'alkoqol kilidləmə cihazlarının' ('Alcohol Interlocks') tətbiqi kimi texnoloji yeniliklərin tətbiqi istiqamətində işlər davam etdiriləcək. Bu cihazlar sürücünün orqanizmindəki alkoqolun miqdarı qanunvericiliklə müəyyən edilmiş icazə verilən normanı aşdığı halda avtomobilin mühərrikini işə salmağa imkan vermir.
Beləliklə, avtomobilin Gürcüstan bazarında satışa çıxarılması üçün müvafiq standart müəyyən edilərkən yuxarıda qeyd olunan komponentin də nəzərə alınması planlaşdırılır”, - deyə hökumətin strategiyasında bildirilir.