Qardabani Təhsil və İnteqrasiya Mərkəzi Yeni tədris ilində faəliyyətini bərpa edib
16.09.2026 23:53
31
Mədəniyyət
A
Qardabani Təhsil və İnteqrasiya Mərkəzi Yeni tədris ilində faəliyyətini bərpa edib

Qardabani şəhərində fəaliyyət göstərən Təhsil və İnteqrasiya Mərkəzinin yeni tədris ili ilə əlaqədar rəsmi açılış mərasimi keçirilib.

Aktual.ge xəbər verir ki, sentyabrın 15-də keçirilən açılış mərasimində yerli sakinlər, valideynlər, müəllimlər və təhsil sahəsinə maraq göstərən qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru Çiçək Hüseynova mərkəzin yaradılma məqsədi, fəaliyyəti və gələcək planları barədə məlumat verib.

Bildirilib ki, mərkəzin əsas məqsədi Qardabani və ətraf kəndlərdə yaşayan uşaqların və gənclərin keyfiyyətli təhsilə çıxış imkanlarını genişləndirmək, onların akademik bilik və bacarıqlarının inkişafına dəstək olmaq, eləcə də cəmiyyətə inteqrasiyasına töhfə verməkdir.

Çiçək Hüseynova qeyd edib ki, yeni tədris ilindən etibarən mərkəzdə kurslara rəsmi start verilib və qeydiyyat prosesi davam edir. Gələcəkdə burada müxtəlif təhsil proqramlarının, layihələrin, təlim və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Hazırda mərkəzdə Gürcü dili, İngilis dili, Azərbaycan dili və Riyaziyyat kursları, həmçinin ibtidai sinif və məktəbəqədər hazırlıq proqramları fəaliyyət göstərir.

Tədris proqramları Azərbaycan və Gürcü sektorları üzrə təşkil olunur. Dərslərin şagirdlərin yaş xüsusiyyətləri və bilik səviyyələri nəzərə alınmaqla peşəkar müəllimlər tərəfindən keçirildiyi bildirilib.

Açılış mərasimində iştirakçılar mərkəzin tədris otaqları ilə tanış olub, kurslar və tədris prosesi barədə məlumat əldə ediblər. Valideynlər və qonaqlar mərkəzin fəaliyyətə başlamasını müsbət qiymətləndirərək, bunun uşaqların təhsil və inkişaf imkanlarının genişləndirilməsinə töhfə verəcəyini bildiriblər.

Bildirilib ki, kurslara qeydiyyat davam edir.

ŞƏRH YAZ
0