“Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın (Transparency International Georgia - TI) öz siyasi qərəzliliyini açıq şəkildə ifadə etməməyə çalışdığı müəyyən bir dövr olub, lakin indi bundan da çəkinmirlər”.
Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze Levilidə jurnalistlərə “Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın müvafiq bəyanatına cavab olaraq deyib.
Onun sözlərinə görə, əvvəlki hakimiyyət dövründə dövlət büdcəsinin vəsaitləri israf edilirdi və hətta ailə üzvlərinin təhsil haqqını da büdcə ödəyirdi. Lakin hazırda bu təşkilat Mixeil Saakaşvilinin işi ilə bağlı məsələyə siyasi məzmun verməyə çalışır.
“Söhbətin hansı işdən getdiyini hamı yaxşı bilir - dövlət büdcəsinin vəsaitləri israf edilirdi. Təsəvvür edin ki, hətta ailə üzvlərinin təhsil haqqını da büdcə ödəyirdi. Konkret dəbdəbə əşyaları, dövlət vəzifəli şəxslərinin xaricdə müxtəlif kurortlarda istirahəti barədə isə heç nə demirəm. Təsəvvür edin ki, bu gün belə bir hal baş versəydi, cəmiyyətin buna nə qədər sağlam mənfi reaksiyası olardı. Bu gün isə bu partiya təşkilatı belə bir addıma əl atır və bu işə siyasi məzmun verməyə çalışır ki, bu da tamamilə ağlasığmazdır”, - deyə İrakli Kobaxidze qeyd edib.
Məlumat üçün bildirək ki, Qeyri-hökumət təşkilatı “Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın məlumatına görə, ölkənin üçüncü prezidenti Mixeil Saakaşvilinin adı təşkilat tərəfindən hazırlanmış siyasi məhbuslar siyahısına daxil ediləcək. “Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın məlumatına görə, 2026-cı ilin iyul ayında Mixeil Saakaşvilinin vəkili təşkilata müraciət edib və araşdırma məqsədilə konkret işlərlə – “pencək işi”, sərhəd keçidi və “İmedi” teleşirkəti ilə bağlı materialları təqdim edib.