Mariam Kvrivişvili Gürcüstan Baş nazirinin müavini vəzifəsini icra edəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə görə, Mariam Kvrivişviliyə Baş nazirin müavini vəzifəsinin həvalə olunması onun gələcək fəaliyyətinə və iqtisadi sektorun daha da gücləndirilməsinə töhfə verəcək.
Hökumət başçısı Mariam Kvrivişvilini yeni vəzifə münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
"Qərarımız barədə sizə məlumat vermək istərdim. Xanım Mariam Kvrivişviliyə Gürcüstan Baş nazirinin müavini vəzifəsi həvalə ediləcək. Bu, ona gələcəkdə daha uğurlu fəaliyyətində və iqtisadi sektorun daha da gücləndirilməsində kömək edəcək", – deyə Baş nazir bildirib.
Qeyd edək ki, M.Kvrivişvili Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziridir.