Tbilisidə sürücülər üçün yeni qayda planlaşdırılır | Nədir “Yellow Box”?
Bugün
517
Maraqlı
A
Tbilisidə sürücülər üçün yeni qayda planlaşdırılır | Nədir “Yellow Box”?

Tbilisi meri Kaxa Kaladze Nəqliyyat və Şəhər İnkişafı Agentliyinə Daxili İşlər Nazirliyi ilə birlikdə kəsişmələrdə “Yellow Box” adlanan yol nişanlanmasının tətbiqi üzərində işləməyi tapşırıb.

Aktual.ge xəbər verir ki, o, bu gün Tbilisi meriyasının iclasında bildirib.

Tbilisi meri deyib ki, beynəlxalq praktikada bu, avtomobil axınının çox olduğu və hərəkətin yalnız işıqforla tənzimlənməsinin kifayət etmədiyi yol qovşaqlarında sınaqdan keçirilmiş üsuldur.

“Yəqin ki, sükan arxasında olan hər birimiz belə halların şahidi olmuşuq: kəsişmədə yaşıl işıq yanır, lakin irəliləmək mümkün deyil. Buna baxmayaraq, sürücülər kəsişməyə daxil olmağa çalışırlar və bununla da digər istiqamətdə hərəkət edən avtomobillərin sürücülərinə yol vermirlər. Nəticədə bütün istiqamətlərdə daha böyük problemlər yaranır.

Hər gün belə hərəkət tıxacları ilə qarşılaşırıq və bu, zəncirvari reaksiyaya səbəb olaraq problemə çevrilir. Buna görə də bu məsələnin tənzimlənməsinə ehtiyac var. Gürcüstanın 'Yol hərəkəti haqqında' qanununda qeyd olunur ki, hətta işıqforun yaşıl işığı yandığı halda belə, sürücü kəsişməyə daxil olmamalıdır, əgər orada dayanaraq hərəkətə mane olacağı ehtimalı varsa. Lakin bu qaydanın inzibati baxımdan tətbiqi və icrası çətindir.

Beynəlxalq təcrübə göstərir ki, kəsişmələrdə yol kvadratlarından ibarət şəbəkə – sözdə 'Yellow Box' çox effektiv işləyir. Bir çox ölkədə avtomobil axınının böyük olduğu və işıqforla tənzimlənməsinə baxmayaraq, kəsişmənin keçilməsində problemlərin yarandığı yol qovşaqlarında bu, sınaqdan keçirilmiş üsuldur. Bu tip problemlərin həlli yol təhlükəsizliyi baxımından vacibdir.

Buna görə də xidmətimizə – Tbilisi Nəqliyyat və Şəhər İnkişafı Agentliyinə Daxili İşlər Nazirliyi ilə birlikdə bu məsələ üzərində işə başlamağı tapşırmaq istəyirəm. Düşünürəm ki, bu həll müəyyən mənada sürücülərin hərəkətini asanlaşdırmağa kömək edəcək”, – deyə Kaxa Kaladze bildirib.

Qeyd edək ki, “Yellow Box” kəsişmələrdə sarı xətlərdən ibarət xüsusi nişanlanmadır. Bu nişanlanma sürücülərə kəsişmədə qarşıdakı yol bağlı olduğu halda həmin əraziyə daxil olmamağı göstərir və tıxacın qarşısını almağa kömək edir.

ŞƏRH YAZ
1