Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları qanunsuz azadlıqdan məhrumetmə ittihamı ilə 2004-cü il təvəllüdlü N.A.-nı və 2000-ci il təvəllüdlü S.B.-ni saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.
Qurumun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, Marneuli bələdiyyəsinin kəndlərindən birində N.A. evlənmək məqsədilə 2006-cı il təvəllüdlü U.K.-nı qanunsuz olaraq azadlıqdan məhrum edib.
“Qeyd olunan cinayət əməlində hazırda təqsirləndirilən şəxs qismində saxlanılan S.B. də iştirak edib. Hüquq-mühafizə orqanları tərəfindən iş üzrə aparılan istintaq tədbirləri nəticəsində hər iki təqsirləndirilən şəxs cinayətin törədilməsindən az sonra, isti izlərlə saxlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə aparılır ki, bu da 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - qeyd olunub.