Politoloqdan sensasion iddia: Gürcüstandakı elektrik kəsintisi Rusiyanın siyasi cavabı idi
Bugün
188
Siyasət
A
Politoloqdan sensasion iddia: Gürcüstandakı elektrik kəsintisi Rusiyanın siyasi cavabı idi

"Bu, Rusiyanın verdiyi bir növ siyasi cavabdır".

Aktual.ge xəbər verir ki, Gürcüstanda artıq üçüncü dəfə baş verən ümumi elektrik kəsintisini politoloq Gia Xuxaşvili beləvşərh edib.

Onun sözlərinə görə, ilk kəsinti iyulun 24-də, Gürcüstanda Rusiya ilə əlaqəli sistemlərə qarşı Avropadan müəyyən sanksiyalar tətbiq edildikdən sonra baş verib. Eyni zamanda, ABŞ-da Rusiyanın və Çinin xüsusi xidmət orqanlarının Gürcüstandakı təsiri ilə bağlı araşdırma başlanıb.

Gia Xuxaşvili hesab edir ki, Rusiya elektrik enerjisinin tam kəsilməsi ilə Qərbə cavab verib.

"Biz Qərblə Rusiya arasında belə bir mikro müharibənin şahidi olduq. Bir çox səbəblər var. Texniki səbəblərdən, korrupsiyadan və başqa amillərdən danışmaq olar, amma mən hesab edirəm ki, əsas səbəb siyasi xarakter daşıyır. İlk qaranlıq iyulun 24-də baş verdi. Həmin vaxt Gürcüstanda Rusiya ilə əlaqəli sistemlərə qarşı Avropadan müəyyən sanksiyalar tətbiq olundu. Bundan əlavə, ABŞ-da Rusiyanın və Çinin xüsusi xidmət orqanlarının Gürcüstandakı təsiri ilə bağlı araşdırma başlandı. Elə həmin gecə ilk 'blekaut' (Elektrik enerjisinin tam şəkildə kəsilməsi. - Red.) yaşandı. Mən düşünürəm ki, bu, Rusiyanın verdiyi bir növ siyasi cavab idi. Mən bunu dərhal səsləndirmişdim və əsas ehtimal kimi mümkün sabotajı göstərmişdim. Maraqlıdır ki, artıq ertəsi gün Dövlət Təhlükəsizlik Xidməti də sabotaj maddəsi ilə cinayət işi açdı və araşdırmalara başladı.

Məncə, Rusiya üçün bu cür təsir vasitələrindən istifadə xarakterikdir. Çünki tərəflərdən biri addım atıb öz gücünü nümayiş etdirəndə, Rusiya da adətən buna hansısa formada cavab verir. Biz Qərblə Rusiya arasında belə bir mikro müharibənin şahidi olduq. Rusiya öz əks arqumenti kimi bunu ortaya qoydu. Gürcüstanda istənilən vaxt istənilən sabotajı təşkil etmək Rusiyanın imkanları daxilindədir. Onların təsir şəbəkəsi bütün sistemə yayılıb və bunu guya texniki qəza kimi göstərmək də həmin metodlardan biridir", – deyə politoloq "TvPirveli"yə müsahibəsində söyləyib.

Məlumat üçün bildirək ki, 5 avqust saat təxminən 20:10 radələrində Gürcüstan ərazisində elektrik enerjisi yenidən kəsilib. Gürcüstan Dövlət Elektrik Sistemindən bildirib ki, elektrik kəsintisi test işləri ilə əlaqədardır.

Bununla yanaşı, elektrik enerjisi müvəqqəti işğal altında olan Abxaziya ərazisində də kəsilib. Abxaziyanın qondarma "Energetika Nazirliyi"nin məlumatına görə, "Enguri SES"də baş vermiş sistem qəzası səbəbindən Abxaziyanın bütün ərazisinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Xatırladaq ki, 24 iyul tarixində də Gürcüstan üzrə elektrik enerjisi tamamilə kəsilmişdi. İşıqlar 25 iyul səhəri də ölkə miqyaslnda tam sönmüşdü. Dövlət Təhlükəsizlik Xidməti 24 və 25 iyul tarixlərində ölkə üzrə elektrik enerjisinin qəza nəticəsində kəsilməsi ilə bağlı sabotaj maddəsi üzrə cinayət işi açmışdı.

ŞƏRH YAZ
0