Azərbaycan mətbuatının yazdığına görə, azərbaycanlı TIR sürücülərinin Gürcüstanın sərhəd-keçid məntəqələrində üzləşdiyi gecikmələrlə bağlı Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) diplomatik nota ünvanlayıb - müvafiq məsələyə rəsmi Tbilisi münasibət bildirib.
Aktual.ge xəbər portalının sorğusuna Gürcüstan XİN-dən bildirilib ki, qeyd olunan məsələ müvafiq dövlət qurumlarının diqqətinə çatdırılıb və bununla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
"5 avqust tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan yük avtomobillərinin Gürcüstana daxil olması və/və ya ölkə ərazisində hərəkəti zamanı yaranmış ləngimələrlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət edib.
Qeyd olunan məlumat Gürcüstanın müvafiq qurumlarına çatdırılıb. Həmin qurumlar aşkar edilmiş pozuntularla bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər", - deyə Gürcüstan XİN Aktual.ge-yə təqdim etdiyi eksklüziv açıqlamada bildirilib.