PAŞA Holding Tbilisinin mərkəzində yeni layihəyə başlayır
27.09.2026 12:49
481
İqtisadiyyat
A
PAŞA Holding Tbilisinin mərkəzində yeni layihəyə başlayır

Paşa Holding Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində mehmanxanalar və çoxfunksiyalı kommersiya daşınmaz əmlakı sektorunda yeni investisiya layihəsinin həyata keçirilməsinə hazırlaşır.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın İnvestisiya Agentliyinin icraçı direktoru Mixeil Xidureli Bakida Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ll (AIIF 2026) bildirib.

Onun sözlərinə görə, yeni layihə Azərbaycan və Gürcüstan arasında investisiya əməkdaşlığının genişləndirilməsinin daha bir nümunəsi olacaq.

“1990-cı illərdən bu günə qədər Gürcüstandakı Azərbaycan investisiyalarının tarixinə nəzər salsaq, birbaşa xarici investisiyaların ümumi həcmi 3,2 milyard dollar təşkil edir. Bu, ölkələrimizin bir-biri ilə nə qədər fəal ticarət etdiyini və Azərbaycanın Gürcüstanda hansı miqyasda investisiyalar həyata keçirdiyini göstərir. Xüsusilə qeyd etməliyik ki, burada Azərbaycanın ən iri şirkətləri – SOCAR və PAŞA Holding təmsil olunur. Çox yaxın zamanda yeni layihə haqqında məlumat verəcəyik. PAŞA Holding ilə birlikdə Tbilisinin mərkəzində mehmanxanalar və çoxfunksiyalı kommersiya daşınmaz əmlakı sektorunda yeni layihənin həyata keçirilməsinə başlanılır. Bütün bunlar mövcud dinamikanı göstərir”, - deyə Mixeil Xidurel qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan şirkətləri Gürcüstandakı xarici investorlar arasında mühüm yer tutur, iki ölkə arasında əməkdaşlıq isə iqtisadiyyatın müxtəlif sektorlarını əhatə edir.

Mixeil Xidureli bildirib ki, yeni layihələrin həyata keçirilməsi Azərbaycan biznesinin Gürcüstanda mövcud yüksək investisiya marağının qorunub saxlanıldığını və iki ölkə arasında investisiya əməkdaşlığının daha da genişləndirildiyini göstərir.

ŞƏRH YAZ
5