Əldə edilən son dəqiqə məlumatına görə, sentyabrın 21-də paytaxt Tbilisidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünə qarşı törədilən vandalizm aktı ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) açıqlama verib.
Aktual.ge xəbər portalının sorğusuna cavab olaraq DİN-dən bildirilib ki, faktla əlaqədar 1 nəfər xarici ölkə vətəndaşı artıq saxlanılıb.
Saxlanılan şəxsin hansı ölkənin vətəndaşı olduğu bildirilməyən DİN-in məlumatında qeyd olunub ki, hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsi – “Əmlakın zədələnməsi və ya məhv edilməsi” maddəsi üzrə davam etdirilir.
“Sentyabrın 21-də Tbilisidə xarici ölkə vətəndaşı Heydər Əliyevin büstünə ziyan vurub. Bununla əlaqədar Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə istintaqa başlayıb və 1 nəfər saxlanılıb”, – qurumdan Aktual.ge-yə verilən məlumatda bildirilib.
Qeyd edək ki, bundan öncə Aktual.ge xəbər portalına Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev açıqlama vermişdi. Diplomat bildirmişdi ki, hadisə ilə əlaqədar Gürcüstanın aidiyyatı qurumlarında istintaq tədbirləri davam etdirilir.