“Lelo - Güclü Gürcüstan” partiyasının lideri Mamuka Xazaradze ərəb investisiyası ilə bağlı bağlanmış müqavilənin ictimaiyyətə açıqlanmasını tələb edir.
Aktual.ge xəbər verir ki, siyasətçi bu barədə sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, dövlətin özəl tikinti (developer) şirkətində səhmdar kimi iştirakı qəbuledilməzdir. Müxalif liderin fikrincə, ortada korrupsiya xarakterli razılaşma və ya “İvanişvilinin ərəb fırıldağı” ola bilər.
“Gürcüstanda iki ərəb şəhərinin tikintisi planlaşdırılır. Tbilisi və Qonioda demək olar ki, 800 hektar ərazidə iki anklav yaradılacaq. Bu, Amsterdam mərkəzinin və ya Nyu-Yorkun Manhetten hissəsinin ölçüsünə bərabərdir. Elan olunan qiymətlərə yalnız ərəblər çata bilər, çünki bu gün gürcülər üçün bu, mümkünsüzdür. Bu razılaşma nəticəsində Batumi və Tbilisidə iki yaşayış məskənli ərəb peyk şəhəri yaranacaq.
Dövlətin özəl tikinti şirkətində səhmdar kimi iştirakı yolverilməzdir. Əsaslı şübhə var ki, burada korrupsiya sövdələşməsi və ya birbaşa desək – İvanişvilinin ərəb fırıldağı ilə üzləşmişik! Buna görə də, ərəblərlə bağlanmış müqavilə dərhal ictimaiyyətə açıqlanmalıdır!
Açıq deyirəm, bu layihə hazırkı formada Gürcüstanın milli təhlükəsizlik maraqlarına ziddir. Bu, cinayətdir!” , - deyə Mamuka Xazaradze qeyd edib.
Məlumat üçün bildirək ki, sözügedən ərəb investisiyası Gürcüstan hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Emaar Group” və ya “Eagle Hills” şirkətləri arasında 2025-ci ilin yanvarında imzalanmış təxminən 6 milyard dollarlıq razılaşma ilə bağlıdır. Layihə çərçivəsində Tbilisi, Batumi və Qonio ərazilərində iri miqyaslı yaşayış, turizm və kommersiya komplekslərinin inşası planlaşdırılır. Hökumət bu sazişi ölkə iqtisadiyyatı üçün “tarixi” addım kimi dəyərləndirir.