Saakaşvili:
Bugün
51
Siyasət
A
Saakaşvili: "Rusiya 2008-ci il müharibəsində strateji məqsədlərinə nail ola bilmədi"

"Gürcü Arzusu mənə bunu bağışlaya bilməyiblər ki, Putin və Sarkozinin tələb etdiyi, amerikalıların isə mənə təklif etdiyi kimi Gürcüstanı tərk etmədim. Əksinə, bütün Gürcüstanı və bütün demokratik dünyanı ayağa qaldırdım və Gürcüstanı xilas etdik. Nəticədə Rusiya 2008-ci il müharibəsində qarşıya qoyduğu strateji məqsədlərin heç birinə nail ola bilmədi”.

Aktual.ge xəbər verir ki, Gürcüstanın məhkum edilmiş, üçüncü prezidenti Mixeil Saakaşvili 2008-ci il avqust müharibəsinin 18-ci ildönümü ilə əlaqədar sosial şəbəkədə belə paylaşım edib.

"Özümü xilas etmək naminə xalqımı fəlakət içində qoymadım. Əksinə, bütün Gürcüstanı və bütün demokratik dünyanı ayağa qaldırdım və Gürcüstanı xilas etdik. Beləliklə, Rusiya 2008-ci ildə həmin müharibənin strateji məqsədlərinin heç birinə nail ola bilmədi. Biz isə genişmiqyaslı quruculuğu və dünyanın ən uğurlu islahatlarını davam etdirdik.

Onlar bu günə qədər qəzəblidirlər və bizim Alvanili qəhrəmanımız Giorgi Antsuxelidzeni sadəcə PR siması adlandırırlar. Halbuki o, başını əymədi, işğalçının çəkməsini öpmədi, Ali Baş Komandanı təhqir etmədi və tərəddüd etmədən həyatını Gürcüstan uğrunda qurban verdi.

Onlar gürcü ordusuna da bağışlaya bilməyiblər ki, tamamilə qeyri-bərabər döyüşdə bizə dünya müdaxilə edənə qədər bir neçə gün tab gətirməyə və uğur qazanmağa imkan verdi. Buna görə də gürcü ordusunu zəiflətməyə, onun döyüş ruhunu məhv etməyə çalışırlar. Elə buna görə də Gürcüstanın hərbi sənayesini məhv etdilər.

Və nəhayət, onlar gürcü xalqına da bağışlaya bilməyiblər ki, həlledici anda bir yumruq kimi birləşdik, fikir ayrılıqlarımızı kənara qoyduq və düşmənlə dünya qarşısına vahid xalq kimi çıxdıq.

Məhz buna görə artıq 14 ildir ki, gürcü xalqından amansızcasına qisas alırlar. Onların azadlığını əllərindən alır, alçaldır, sıxışdırır, ölkədən qovur, onların yerinə isə rusları və başqalarını məskunlaşdırırlar. Bütün dünyada Gürcüstanın nüfuzuna zərbə vururlar. Bütün ölkəni ləyaqətsiz bir satqının şəxsi köləliyinə və mülkiyyətinə satıblar.

Amma nə qədər əsrlər keçsə də, gələcək nəsillər xatırlayacaq ki, biz ləyaqətimizi və azadlığımızı qoruduq, amansız imperiyaya müqavimət göstərdik, dünyanı dəstəyə layiq olduğumuza inandırdıq və beynəlxalq miqyasda misli görünməmiş islahatlar həyata keçirdik. Ən ağır zərbədən sonra yenidən ayağa qalxdıq, sürətli inkişafı davam etdirdik və uğurlu Gürcüstan nümunəsini yaratdıq.

Antsuxelidze və Şindisi qəhrəmanları artıq aramızda deyil. Mən də olmayacağam, bugünkü nəsillər də gedəcək. Amma əbədi Gürcüstan ideyası qalacaq və müxtəlif formalarda yaşamaqda davam edəcək. Bu, təsəvvürəgəlməz dərəcədə cəsur, istedadlı və heç kimin artıq ümid etmədiyi anda belə hər dəfə ayağa qalxan, tam ümidsiz vəziyyətlərdən qalib çıxan Gürcüstan ideyasıdır.

Qəhramanlara eşq olsun, əbədi Gürcüstana eşq olsun!” , - deyə Mixeil Saakaşvili yazıb.

ŞƏRH YAZ
0